Ermənistanın “itkinlər konfransı” 4 min azərbaycanlının taleyinə aydınlıq gətirəcəkmi?


Ermənistanda təxminən 1000 nəfər itkin düşmüş şəxs hesab olunur. Onlardan 777-si 1990-cı illərin müharibələri zamanı, digərləri isə 2020-ci il müharibəsi və sonrakı hərbi əməliyyatlar nəticəsində itkin düşüblər. Bu rəqəmləri Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 19-da İrəvanda fəaliyyətə başlayan “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda açıqlayıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da ölkəsində təxminən 1000 nəfərin itkin və ya zorla yoxa çıxmış şəxs hesab olunduğunu bildirib.
Paşinyan çıxışında problemin həlli üçün Ermənistan-Azərbaycan əməkdaşlığının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, itkin düşmüş şəxslərlə bağlı sualların bir çox cavabları Ermənistan ərazisindən kənarda, o cümlədən Azərbaycanda ola bilər.
Maraqlıdır, Ermənistan rəhbərliyi, o cümlədən Nikol Paşinyan Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə necə yanaşır? Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4004-ü Birinci Qarabağ müharibəsi, 6-sı isə 2020-ci il müharibəsi zamanı itkin düşüb. Aralarında 71 uşaq, 288 qadın və 319 yaşlı insan var.
Azərbaycan tərəfi beynəlxalq platformalarda bu şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Ermənistandan məlumatların təqdim edilməsini dəfələrlə tələb edib. Dövlət Komissiyası Ermənistanın itkin azərbaycanlıların taleyi və kütləvi məzarlıqların yerləri barədə məlumat verməməsini axtarışların qarşısında dayanan ən ciddi maneə kimi qiymətləndirir.
Belə olan halda, Ermənistan rəhbərliyinin beynəlxalq konfranslarda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və humanitar əməkdaşlıq barədə səsləndirdiyi bəyanatların nə dərəcədə konkret addımlarla müşayiət olunacağı sual doğurur. Belə çıxır ki, 4 minə yaxın azərbaycanlı itkinin aqibəti barədə məlumatları gizlədən Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa cəhd edərək, özünü itkin ailələrinin qayğısına qalan ölkə kimi qələmə verir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında 2025-ci ilin fevralından birbaşa təmaslar, görüşlər və məlumat mübadiləsi aparılır. Azərbaycan tərəfi müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış vətəndaşların siyahısını Ermənistana təqdim edib.
Komissiyalarının təmasları zamanı Ermənistan tərəfi 200-dən çox dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların yeri və koordinatları barədə məlumatları Azərbaycana təqdim edəcəyinə söz versə də, indiyədək vədini yerinə yetirməyib. Bu, Ermənistanın əvvəllər inkar etdiyi məlumatlara əslində malik olduğunu göstərir və onun səmimiyyətini ciddi sual altına qoyur. Dəfn yerlərinin açıqlanması azərbaycanlı mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş mümkün müharibə cinayətlərini də üzə çıxara bilər. Ermənistanın bu məlumatları gizlətməsinin mümkün səbəblərindən biri məhz həmin cinayətlərin aşkarlanmasından çəkinməsi ola bilər. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan, Samvel Babayan və digərləri dəfn yerlərini bildiklərini dəfələrlə açıqlasalar da, məlumatlar Azərbaycana təqdim edilməyib.
Müşfiq ƏləsgərliMedia ekspertiMediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri
1 mənbə
