Ermənistandan Türkiyəyə aparan yolun təmiri: Layihə hazırlanır


Ermənistan Türkiyə ilə sərhədə aparan yolların əsaslı təmiri üçün layihələri 1,5 il ərzində hazırlayacaq. Bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan hökumətin iclasında bildirib.
Publika.az xəbər verir ki, söhbət ümumi uzunluğu 30 kilometr olan Gümrü-Axurik (25 km) və Vardanаşen-Marqara (5 km) yollarından gedir. SSRİ-nin dağılmasından sonra istismar edilməyən bu yolların təmiri üçün layihələr hazırlanacaq və podratçı şirkətin seçilməsi ilə bağlı tender sənədləri tərtib olunacaq.
Bununla yanaşı, Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi yaxınlığında Araz çayı üzərində körpünün layihələndirilməsi yekunlaşmaq üzrədir. Axurik sərhəd-keçid məntəqəsinin yenilənməsi üçün də layihə hazırlanır. Bu işlər Avropa Yenidənqurma və İnkişaf Bankının 19,6 milyon avroluq krediti hesabına həyata keçirilir.
Ermənistan İranla sərhəddə yerləşən Aqaraq keçid məntəqəsinin yenidən qurulması istiqamətində də iş aparır. Hazırda məntəqədən gündəlik 270 avtomobil keçir. Gələn ildən etibarən daşıyıcılar üçün sürətləndirilmiş gömrük prosedurunun tətbiqi nəzərdə tutulur.
Nazirin sözlərinə görə, İranla sərhəddə Araz çayı üzərində ikinci körpünün tikintisi də başa çatmaq üzrədir. Bu, keçid məntəqəsinin buraxılış qabiliyyətini azı üç dəfə artıracaq.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, sərhəd isə 1993-cü ildən bağlıdır. Tərəflər arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar 2022-ci ildə başlasa da, üçüncü ölkə vətəndaşlarının, eləcə də diplomatik pasport sahiblərinin quru sərhəddən keçidinə dair razılaşma hələ də həyata keçirilməyib.
Müəllif: Adəm

Report+4 mənbə