Ermənistan və İran yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib


Ermənistanın yüksək texnologiyalar sənayesi və süni zəka naziri Davit Tadevosyan və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Səttar Haşeminin iştirakı ilə panel müzakirəsi formatında nazirlik görüşü keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi və Süni Zəka Nazirliyi məlumat yayıb.
Məlumata görə, müzakirə zamanı çıxış edənlər robototexnikanın inkişaf perspektivlərinə, məlumatların təhlükəsizliyinə, təhsil və əmək bazarında baş verən dəyişikliklərə toxunublar. Həmçinin yüksək texnologiyalar, telekommunikasiya və rəqəmsallaşma sahələrində ikitərəfli əməkdaşlığın inkişafı imkanları, eləcə də regional texnoloji gündəmlə bağlı məsələlər müzakirə olunub.
Qeyd edilib ki, müzakirə zamanı Ermənistan və İran arasında texnoloji əməkdaşlığın dərinləşdirilməsi imkanlarına da toxunulub. İki ölkənin startap ekosistemləri arasında əlaqələrin genişləndirilməsi, təhsil və peşəkar əməkdaşlıq, bilik və təcrübə mübadiləsi vacib istiqamətlər kimi qeyd edilib.
“Bundan əlavə, regional rəqəmsal bağlantının və fiber-optik infrastrukturun inkişaf perspektivləri müzakirə olunub.
Məlumatların suverenliyi və təhlükəsizliyi məsələlərinə də diqqət yetirilib. Çıxış edənlər şəxsi məlumatların qorunmasının, səmərəli mexanizmlərin tətbiqinin, rəqəmsal platformalara etimadın möhkəmləndirilməsinin, eləcə də bu sahədə regional birgə təşəbbüslərin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə
Globalinfo.az+1 mənbə