Ermənistan TŞ katibi orduda ölüm hallarının səbəbini cəmiyyətdəki zərərli davranışlarla əlaqələndirib


“Ermənistan Təhlükəsizlik Şurasında orduda ölüm halları müzakirə olunub, bu cür hadisələrin qarşısının alınması üçün addımlar atılır və dəyişikliklər həyata keçirilir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 19-da jurnalistlərlə söhbətində bildirib.
“Orduda ölüm halları məsələsi Təhlükəsizlik Şurasında müzakirə edilib. Bu məsələ mənim və Müdafiə Nazirliyinin təşəbbüsü ilə gündəliyə daxil edilib.
Belə halların qarşısını almaq üçün addımlar atılır, dəyişikliklər edilir. Bu, hazırda orduda üzləşdiyimiz ən böyük və ən ağrılı problemdir. Onun kökləri cəmiyyətimizin həyat tərzinə, belə demək mümkünsə, yüksək mədəniyyətimizin qüsurlarına gedib çıxır. Cəmiyyətdəki bu zərərli davranışların qarşısı alınmalı və onların qarşısı sərt şəkildə kəsilməlidir. Bu, cəmiyyətin güzgüsüdür”, - deyə Simonyan bildirib.
Zabit heyətinin də bu məsələdə günahının olub-olmadığı barədə suala Alen Simonyan belə cavab verib:
“Zabit heyətinin qarşısını aldığı neçə belə hadisə var? Tutaq ki, üç-dörd nəfər posta gedir. Postda dayananlardan biri yorğunluq səbəbindən yuxuya gedir, sonra oyanır və onunla birlikdə olan gənclər ona qarşı bullinq etməyə başlayırlar. Bu, küçə həyatını təbliğ edən səviyyəsiz filmlərdən qaynaqlanır. Mən həmin dəyərlərə qarşı mübarizə aparıram. Belə hadisələrin baş verməsinin səbəblərindən biri də məhz bu dəyərlərdir”.
Dövlətin roluna gəlincə, Təhlükəsizlik Şurasının katibi deyib:
“Aydındır ki, dövlət indi ordunun onunla heç bir əlaqəsinin olmadığını deyə bilməz. Eyni zamanda, onilliklər ərzində formalaşmış mədəniyyətin, həmin “yaxşı oğlan” obrazının gənclərimizin və insanların düşüncəsinə dərindən yeridildiyi də aydındır.
Buna görə də tankdan dizel yanacağı oğurlananda gedib tankımızda yanacaq olmadığını demək “satqınlıq” hesab olunurdu. Lakin müharibə başlayanda və tank işə düşməyəndə bu, problemə çevrildi.
İndi bir əsgərin intihar həddinə çatdırıla biləcəyini gedib bildirmək “satqınlıqdır”, yoxsa deyil? Televiziya izləyicilərimiz bu sual barədə özləri düşünsünlər. Özlərinə sual versinlər ki, biz necə uşaq tərbiyə edirik? Yaxud həyət-bacada belə mühitdə böyüyən uşaqların gələcəyi necə olacaq?”
Alpər Mövludoğlu Ordu.az
