Ermənistan KİV-i: Göyçə gölü ətrafında ağaclar kütləvi şəkildə kəsilir, milli parkın izahı suallar doğurur


“Göyçə gölünün ictimai çimərliklərindən birinin yaxınlığındakı meşədə ağaclar təxminən iki metr hündürlükdən kəsilib və jurnalistin çəkdiyi fotolarda meşənin sözün əsl mənasında başının kəsildiyi aydın görünür”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Göyçə gölünün ictimai çimərliklərindən birinin yaxınlığında yerləşən meşəlik ərazidə ağaclar təxminən iki metr hündürlükdən kəsilib. Məqalədə dərc olunan fotolarda ağacların bu formada kəsildiyi aydın görünür.
“Ərazi Sevan-Dilican avtomobil yolunun kənarında, “Harsnakar” restoranına çatmamış yerləşir. “Joğovurd” qəzetinin əməkdaşı məsələ ilə bağlı “Sevan” Milli Parkına müraciət edib. Oradan telefonla bildiriblər ki, ağaclar əyri olduğu üçün kəsilib. Bununla kifayətlənməyərək, görülən işlərə bəraət qazandırmaq üçün proqramın nazirlik tərəfindən təsdiqləndiyini də izah ediblər”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, bu halda ağacların kəsilməsi proqramını Ermənistanın ətraf mühit naziri Hambardzum Matevosyanın rəhbərlik etdiyi nazirlik təsdiqləyib. Göyçə gölünün ətrafını qorumağa borclu olan “Sevan” Milli Parkının direktoru Karen Mnatsakanyan isə ağacların kəsilməsi işinin təşkilinə görə məsuliyyət daşıyır.
Nəşr ağacların kəsilməsi ilə bağlı bir sıra sualların cavabsız qaldığını vurğulayıb.
“Proqram hansı peşəkar rəy əsasında təsdiqlənib? Dəymiş zərəri kim qiymətləndirib? Ağaclar niyə təxminən iki metr hündürlükdən kəsilib? Ən vacibi isə meşəlik ərazidə yalnız bir neçə ağacın əyri olması, qalanlarının isə düz və hündür ağaclar kimi görünməsidir. Buna görə də həm Hambardzum Matevosyan, həm də Karen Mnatsakanyan ağacların məhv edilməsi ilə bağlı konkret izahat verməlidirlər”, - deyə nəşr qeyd edib.
“Joğovurd” məqaləsində ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq tədbirlər və yerli vəziyyət arasında ziddiyyətə də diqqət çəkib.
“Vəziyyət xüsusilə istehzalıdır. Cəmi bir neçə gün əvvəl Ətraf Mühit Nazirliyi COP17 çərçivəsində təxminən bir ay ərzində ekoloji problemləri müzakirə edir, təbiətin qorunması barədə çıxışlar edirdi. Belə çıxır ki, beynəlxalq konfranslarda ekologiyadan danışılır, Göyçə gölünün sahilində isə meşənin başı kəsilir”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu Ordu.az

Yeni Şirvanlı+2 mənbə