Ermənistan KİV-i: Avropanı Konstitusiyaya yazmaqla Avropa dövləti olmaq mümkün deyil


“Avropa inteqrasiyasının məqsədini Konstitusiyada təsbit etmək Ermənistanın üzvlük prosesini sürətləndirməyəcək və Brüssel üçün yeni öhdəliklər yaratmayacaq”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşr Ermənistanın Avropaya inteqrasiyasını ölkənin suverenliyini və təhlükəsizliyini gücləndirmək, iqtisadi asılılıqları azaltmaq və uzunmüddətli inkişaf üçün yeni imkanlar yaratmaq baxımından strateji zərurət hesab edir. Bununla belə, Avropa İttifaqına üzvlük məqsədinin indidən Konstitusiyada təsbit edilməsi təklifini vaxtından əvvəl verilmiş və siyasi baxımdan düzgün hesablanmamış addım kimi qiymətləndirir.
Məqalədə xatırladılır ki, Ermənistan hələ Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyib, namizəd statusu almayıb və Avropa İttifaqı ölkənin üzvlüyü ilə bağlı heç bir öhdəlik götürməyib.
“Bu hallar siyasi soyuqqanlılıq və addımların düzgün ardıcıllığını tələb edir. Dövlətlərarası münasibətlərdə strateji məqsədlər qarşılıqlı hazırlıq və müəyyən razılaşmalar tələb edir. Bir neçə uğurlu görüşdən sonra, hələ evlilik təklifi almadan öz gələcəyini nikah öhdəliyi ilə bağlamaq ağıllı qərar hesab edilə bilməz”, - deyə nəşr yazıb.
“1in.am” bu yanaşmanın Ermənistanın Avropa inteqrasiyası məsələsinə də aid olduğunu bildirir. Məqalədə qeyd olunur ki, üzvlük məqsədinin Konstitusiyada təsbit edilməsi nə üzvlük prosesini sürətləndirəcək, nə də Brüssel üçün yeni öhdəliklər yaradacaq.
“Ermənistan isə namizəd statusu, üzvlük perspektivi və müvafiq siyasi təminatlar olmadan birtərəfli konstitusion öhdəlik götürəcək. Belə tələskənlik İrəvanın diplomatik imkanlarını daralda və ölkənin Avropaya inteqrasiyasında nəzərəçarpacaq fayda yaratmadan xarici təzyiqlər üçün əlavə əsas ola bilər”, - deyə məqalədə vurğulanıb.
Nəşr bu baxımdan Gürcüstanın təcrübəsini ən aydın nümunə kimi göstərir. Bildirilir ki, Gürcüstan Konstitusiyasının 78-ci maddəsi dövlət orqanlarını Avropa İttifaqı və NATO-ya inteqrasiya istiqamətində addımlar atmağa məcbur edir.
“Ölkə 2023-cü ildə Avropa İttifaqına namizəd statusu alsa da, sonrakı siyasi proseslər və demokratik geriləmə Avropaya inteqrasiya prosesini faktiki olaraq dalana dirəyib. Konstitusion öhdəlik hakimiyyətin siyasi istiqamət dəyişikliyinin qarşısını ala bilmədi. Gürcüstanın nümunəsi konstitusion təsbitin məhdud təsirini göstərir. Avropa istiqamətinin davamlılığı demokratik institutların gücündən, hakimiyyətin siyasi iradəsindən və islahatların ardıcıl həyata keçirilməsindən asılıdır”, - deyə nəşr qeyd edib.
Məqalədə Avropa İttifaqının Ermənistana təqdim etdiyi ikiillik muxtar ticarət tədbirlərinə də diqqət çəkilir. Bildirilir ki, bu imkanlar Ermənistan istehsalçıları üçün Avropa bazarına ixrac imkanlarını genişləndirir. Lakin iki il iqtisadiyyatın struktur dəyişiklikləri baxımından qısa müddətdir.
“Dövlət məhsulların sertifikatlaşdırılması, Avropa standartlarına uyğunluq, laboratoriya infrastrukturu, logistika və əlçatan maliyyələşdirmə istiqamətlərində ixraca dəstək üçün praktiki proqramı sürətlə hazırlamalıdır. Avropa güzəştlərinin real nəticəsi Ermənistan məhsullarının Avropa İttifaqı bazarında davamlı mövcudluğu, ixracın artması və iqtisadi asılılığın tədricən azalması olacaq”, - deyə nəşr yazıb.
“1in.am” hesab edir ki, bu imkanlar həm də geosiyasi əhəmiyyət daşıyır. Ermənistanın Rusiyadan iqtisadi asılılığı onilliklər ərzində Moskvaya İrəvanın xarici siyasət qərarlarına təsir göstərmək imkanı verib.
“Ərzaq və ticarət məhdudiyyətləri, enerji asılılığı və strateji infrastrukturlarda Rusiyanın üstün mövqeyi dəfələrlə siyasi təzyiq məqsədlərinə xidmət edib. Ermənistan məhsullarının Avropa bazarlarında mövcudluğunun genişləndirilməsi, ixrac istiqamətlərinin şaxələndirilməsi və investisiyaların cəlb edilməsi bu təsiri tədricən azalda bilər. Ermənistanın iqtisadi suverenliyinin gücləndirilməsi ölkənin xarici siyasət azadlığını və dayanıqlığını birbaşa artırır”, - deyə məqalədə vurğulanıb.
Nəşrin fikrincə, mövcud reallıqlar nəzərə alınmaqla Avropaya inteqrasiya məqsədinin Konstitusiyada təsbit edilməsi əlavə siyasi risklər yarada bilər. Ermənistan hələ də təhlükəsizlik sistemini yenidən qurur, Rusiyadan iqtisadi və strateji asılılığını azaltmağa çalışır.
“Moskvanın mümkün əks reaksiyası hesablanmış siyasət, iqtisadi hazırlıq və güclü beynəlxalq tərəfdaşlıqlar tələb edir. Avropaya inteqrasiyanın hər bir addımı Ermənistanın real imkanlarına əsaslanmalı, ölkənin suverenliyini gücləndirməli və xarici təzyiq rıçaqlarını mərhələli şəkildə məhdudlaşdırmalıdır”, - deyə nəşr yazıb.
Məqalədə bildirilir ki, Ermənistanın Avropa İttifaqına üzvlük məqsədi artıq siyasi və qanunvericilik səviyyəsində təsbit olunub.
“Növbəti mərhələdə əsas prioritet üzvlük üçün rəsmi müraciətin təqdim edilməsinə dair yol xəritəsinin hazırlanması, Brüssellə ardıcıl diplomatik işin aparılması və islahatların dəqiq qrafik üzrə həyata keçirilməsi olmalıdır.
Konstitusiyada təsbit məsələsinə namizəd statusu əldə edildikdən və üzvlük perspektivi dəqiqləşdirildikdən sonra qayıtmaq daha məqsədəuyğundur. Ermənistanın Avropaya doğru irəliləyişi Avropa bazarında yerli məhsulların davamlı mövcudluğu, müstəqil və səmərəli dövlət institutları, hüququn aliliyi və xarici iqtisadi asılılığın azalması kimi praktiki nəticələrlə qiymətləndirilməlidir”, - deyə nəşr qeyd edib.
“1in.am” məqalənin sonunda vurğulayır ki, Ermənistanın Avropa gələcəyi ardıcıl islahatlar, güclü dövlət institutları və yeni iqtisadi imkanlar üzərində qurulmalıdır.
“Bu gün əsas prioritet Avropa standartlarına uyğun dövlət qurmaqdır. Bu işdə itirilən hər il Ermənistanın strateji məqsədinin həyata keçirilməsini gecikdirir”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə

Report+5 mənbə