Ermənistan həbsxanalarında ölüm halları ikiqat artıb: Hakimiyyət səbəbləri və məsul şəxsləri açıqlamır


“Ermənistanın penitensiar müəssisələrində 2025-ci ildə 24 nəfər ölüb, 2024-cü ildə isə 12 ölüm hadisəsi qeydə alınıb, bir il ərzində göstərici iki dəfə artıb, 2026-cı ildə isə daha dörd belə hal baş verib”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu rəqəmlər “Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi” qeyri-hökumət təşkilatı və tərəfdaş hüquq müdafiə qurumları tərəfindən açıqlanıb. Təşkilatlar azadlıqdan məhrum edilmiş şəxslərin həyatının qorunması və ölüm hadisələrinin effektiv araşdırılması məsələsini gündəmə gətiriblər.
“Ölüm hallarının kəskin artması sistemin fəaliyyətinin ciddi şəkildə araşdırılması üçün əsasdır. Penitensiar müəssisədə baş verən hər bir ölüm hadisəsinin şəraiti hərtərəfli aydınlaşdırılmalıdır. Dövlətin birbaşa nəzarəti altında olan insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi dövlət orqanlarının hüquqi öhdəliyidir.
Bu öhdəlik vaxtında tibbi yardım göstərilməsini, sağlamlıq üçün təhlükələrin qarşısının alınmasını və zərurət yarandıqda təxirəsalınmaz müdaxiləni əhatə edir”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, açıqlanan statistika bir çox sualı cavabsız qoyur. Ölüm hallarının ümumi sayı məlum olsa da, onların səbəbləri, vəfat edən şəxslərin sağlamlıq vəziyyəti, tibbi yardımın təşkili və mümkün xidməti nöqsanlarla bağlı tam məlumat yoxdur.
“Qeydə alınmış hadisələrin neçəsinin xroniki xəstəliklər, intiharlar, təcili tibbi yardımın gecikdirilməsi və ya saxlanma şəraiti ilə əlaqəli olduğunu da müəyyənləşdirmək lazımdır.
Bu məlumatlar olmadan ölüm hallarının artmasının səbəblərini və profilaktik tədbirlərin effektivliyini qiymətləndirmək mümkün deyil. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin orta sayının açıqlanması da vacibdir. Ölüm hallarının mütləq sayının məhbusların ümumi sayı ilə müqayisəsi sistemdə ölüm səviyyəsinin dəyişməsi barədə daha dəqiq təsəvvür yaradacaq”, - deyə məqalədə vurğulanıb.
Nəşr ölüm hadisələri ilə bağlı başlanmış cinayət işlərinin gedişatının da xüsusi əhəmiyyət daşıdığını bildirir.
“Neçə hadisə üzrə tibbi və ya xidməti vəzifələrin pozulması təsdiqlənib? Neçə istintaq icraatı başa çatıb? Neçə iş məhkəməyə göndərilib? Mümkün pozuntulara görə məsuliyyət daşıyan vəzifəli şəxslər hansı cəzalara məruz qalıblar?
Dövlət nəzarətinin effektivliyini qiymətləndirmək üçün bu sualların cavabları zəruridir”, - deyə nəşr yazıb.
Məqalədə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə də istinad edilir. Bildirilir ki, həmin maddə dövlətin öz nəzarəti altında olan şəxslərin həyatını qorumasını tələb edir.
“Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, azadlıqdan məhrum edilmiş şəxslərin ölümü hallarında dövlət hadisənin şəraitinin effektiv və müstəqil araşdırılmasını təmin etməyə borcludur. Tibbi yardımın lazımi səviyyədə göstərilib-göstərilmədiyi, mümkün təhlükələrin əvvəlcədən proqnozlaşdırıla bilib-bilmədiyi və onların qarşısının alınması üçün hansı tədbirlərin görüldüyü yoxlanılmalıdır.
Hüquq müdafiə təşkilatları penitensiar müəssisələrdə tibbi xidmətlərin əlçatanlığı, sağlamlıq problemləri olan şəxslərə nəzarət və ölüm hadisələrinin araşdırılmasının effektivliyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bu məsələlər tibbi sənədlər, ekspert rəyləri və xidməti yoxlamaların nəticələri əsasında obyektiv qiymətləndirilməlidir”, - deyə nəşr qeyd edib.
Müəllif yazır ki, penitensiar müəssisələrdə tibbi heyətin komplektləşdirilməsi, ixtisaslaşmış tibbi yardımın əlçatanlığı, xəstələrin başqa tibb müəssisələrinə köçürülməsi prosedurları və fövqəladə vəziyyətlərə reaksiya sürəti mütəmadi qiymətləndirilməlidir.
“Sağlamlığı baxımından yüksək risk qrupuna daxil olan şəxslər üçün aydın monitorinq qaydaları və onların icrasına nəzarət mexanizmləri yaradılmalıdır.
Ölüm hadisələrindən sonra dövlət orqanlarının atdığı addımların effektivliyinə də ayrıca diqqət yetirilməlidir. Əvvəlki illərdə qeydə alınmış hadisələrin araşdırılması nəticəsində hansı nöqsanların aşkarlandığı, hansı tapşırıqların verildiyi və onların nə dərəcədə yerinə yetirildiyi müəyyənləşdirilməlidir.
Belə problemlərin davam etməsi dövlət nəzarətinin effektivliyi, əvvəlki pozuntulardan hansı nəticələrin çıxarıldığı və onların təkrarlanmasının qarşısını almaq üçün hansı tədbirlərin görüldüyü ilə bağlı ciddi suallar yaradır”, - deyə məqalədə bildirilib.
Nəşr hesab edir ki, Ermənistanın Ədliyyə Nazirliyi və Penitensiar Xidməti şəxsi məlumatların qorunması tələblərinə riayət etməklə ölüm hadisələri barədə tam və müqayisə edilə bilən statistikanı, araşdırmaların nəticələrini və sistemdəki problemlərin aradan qaldırılması üçün görülən tədbirləri açıqlamalıdır.
“İctimai nəzarət yalnız yoxlanıla bilən məlumatlar mövcud olduqda effektiv ola bilər.
2025-ci ildə qeydə alınmış 24 ölüm hadisəsi dövlət səviyyəsində ayrıca araşdırma tələb edir. Araşdırmanın nəticələrinə əsasən ölüm hallarının səbəbləri, məsul qurumların fəaliyyəti və zəruri dəyişikliklər müəyyənləşdirilməlidir. Aşkar edilmiş hər bir nöqsana hüquqi və təşkilati qiymət verilməlidir.
Penitensiar sistemin effektivliyinin ən mühüm meyarlarından biri insan həyatının və sağlamlığının qorunmasıdır. Dövlət bu hüququn praktiki təminatlarını yaratmağa və onların icrasının nəticələrini ictimaiyyətə təqdim etməyə borcludur. Ölüm statistikası cavablar tələb edir, belə hadisələrin qarşısının alınması isə ardıcıl dövlət siyasətini zəruri edir”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu Ordu.az