Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...


Ermənistan parlamentində yeni Konstitusiya ətrafında mübahisələr 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı qarşılıqlı ittihamlara çevrilib. Hakimiyyət nümayəndəsi müxalifətin müharibənin başlanması barədə mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyünü bildirib.
Belə ki, Ermənistan parlamentində çıxış edən spiker Ruben Rubinyan müxalifətə yeni konstitusiyanın müzakirəsinə dəstək verməyi təklif edib. Onun sözlərinə görə, hakim çoxluq müxalifətin irəli sürdüyü məsələlərin parlamentin gündəliyinə salınmasına razılıq verə bilər. Bunun müqabilində müxalifət də yeni konstitusiya layihəsinin müzakirəsinə mane olmamalıdır. “Siz yeni konstitusiya layihəsinə səs verin ki, xalqın onu müzakirə etmək imkanı olsun. Biz də əvvəllər əleyhinə çıxdığımız bəyanat layihələrinin belə gündəliyə daxil edilməsinə hazırıq”, – deyə Rubinyan bildirib.
Qeyd edək ki, parlamentdə təzə konstitusiya bağlı məsələnin referenduma çıxarılması haqda qərar üçün hakim fraksiyaya 6 səs çatmır.
Bəs radikal-revanşist fraksiyaları təmsil edən deputatlar sədrin təklifini qəbul edə bilərmi? Bunun qarşılığında hakim fraksiya onlara hansı məsələlərin parlamentin gündəliyinə salınmasına razı ola bilər?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Ermənistan parlamentində yeni Konstitusiya ətrafında yaranan mübahisə əslində təkcə hüquqi məsələ deyil, ölkənin gələcək siyasi kursu, Azərbaycanla sülh prosesi və 2020-ci il müharibəsinə görə məsuliyyət məsələsi uğrunda mübarizənin tərkib hissəsidir: “Spiker Ruben Rubinyanın müxalifətə təklif etdiyi kompromis ilk baxışdan parlament dialoqunun genişləndirilməsi kimi görünür.
Hazırkı siyasi mənzərə göstərir ki, belə bir razılaşma ehtimalı aşağıdır, amma tam mümkünsüz də deyil. Çünki Ermənistan müxalifəti yeni Konstitusiya məsələsini adi qanunvericilik təşəbbüsü kimi yox, Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərdə güzəşt siyasətinin davamı kimi təqdim edir. Parlamentdə əsas revanşist müxalifət qüvvələri olan Robert Köçəryanın siyasi düşərgəsini təmsil edən “Ermənistan” fraksiyası, Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” siyasi qüvvəsi yeni konstitusiya təşəbbüsünə qarşı çıxırlar.
Hər iki şəxs hazırda həbsdədir. İstisna deyil ki, razılıq üçün şərtlərdən biri onların həbsdən azad edilməsi ola bilər. Revanşist müxalifətin daha bir tələbinin keçmiş qondarma Dağlıq Qarabağ rejimi ilə bağlı hansısa sənədin parlamentin müzakirəsinə çıxarılması ola biləcəyi də istisna deyil. Müxalifətin gündəliyində Qarabağdan Ermənistana köçmüş ermənilərin sosial təminatı, mənzil problemi, hüquqları və gələcək statusu, həmçinin geriyə qaytarılması kimi məsələlər də mühüm yer tutur. Bu məsələlərlə bağlı qanun layihəsi parlamentə təqdim etməyə çalışa bilərlər. Bunlar ehtimallardır. Paşinyan şübhəsiz ki, müxalifətin irəli sürəcəyi Azərbaycanla sülh prosesinə mane ola biləcək hər hansı layihənin qəbuluna imkan verməməlidir”.
Ekspert hesab edir ki, baş nazirin Ermənistanda başlatdığı prosesin müsbət nəticələnməsi ehtimalı var: “Çünki Paşinyan Ermənistanda kifayət qədər güclü siyasi mövqeyə və geniş təsir imkanlarına malikdir. Parlamentdə hazırda müzakirələrin aparılması həm hakimiyyətin, həm də müxalifətin müəyyən kompromisə və ortaq məxrəcə gəlmək imkanlarının olduğunu göstərir.
Ermənistan müxalifəti də anlamalıdır ki, revanşist bəyanatlar və ərazi iddiaları ilk növbədə Ermənistanın öz maraqlarına ziddir. Belə yanaşma ölkəni yenidən müharibə təhlükəsi ilə üz-üzə qoya bilər. Ermənistanın gələcəyi qarşıdurmada deyil, qonşularla sülh və əməkdaşlıq münasibətlərinin qurulmasındadır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Ermənistan daxilində mövcud siyasi müzakirələr müəyyən kompromislə nəticələnə və konstitusiya dəyişikliklərinin referenduma çıxarılması istiqamətində proses müsbət məcrada inkişaf edə bilər”.
Dərc vaxtına görə
Azerinfo.infooxuduğunuz
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...