Erməni politoloq: “Paşinyan məhkəmə hakimiyyətini qəsb edib”


“Paşinyan siyasi rəqibləri barəsində təkbaşına “hökm” çıxarmaq funksiyasını öz üzərinə götürərək, faktiki olaraq məhkəmə hakimiyyətini qəsb edib”.
Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants sosial şəbəkə hesabında yazıb.
Surenyants Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə hökumət saatı zamanı iş adamı Samvel Karapetyanla bağlı səsləndirdiyi fikirləri şərh edərək, bu açıqlamanın həm təqsirsizlik prezumpsiyasını, həm də hakimiyyət bölgüsü prinsipini kobud şəkildə pozduğunu bildirib.
Erməni politoloqun sözlərinə görə, Paşinyan Karapetyanı “64 milyardlıq oğru, milli xeyriyyəçi” adlandırmaqla Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını pozub. Bundan başqa, onun fikrincə, baş nazir bu açıqlaması ilə faktiki olaraq istintaq orqanlarına və məhkəməyə birbaşa göstəriş verib.
Surenyants vurğulayıb ki, 64,5 milyard dram məbləğində zərər barədə iddia İstintaq Komitəsinin irəli sürdüyü ittihamdır və məhkəmə tərəfindən təsdiqlənmiş fakt deyil. O, müdafiə tərəfinin də Karapetyanın özünə məxsus şirkətdən pul oğurlaya bilməyəcəyini, həmçinin “Ermənistan Elektrik Şəbəkələri” şirkətindən hələ də əhəmiyyətli məbləğdə gəlir əldə etməli olduğunu bildirdiyini xatırladıb.
“Bu açıqlama ilə baş nazir nəinki Karapetyanın Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozub, həm də mahiyyət etibarilə istintaq orqanına və məhkəməyə birbaşa göstəriş verib.
64,5 milyard dram məbləğində zərər barədə iddia İstintaq Komitəsinin ittihamıdır, məhkəmə tərəfindən təsdiqlənmiş fakt deyil. Üstəlik, müdafiə tərəfi bildirir ki, Karapetyan özünə məxsus şirkətdən pul “oğurlaya” bilməz və onun “Ermənistan Elektrik Şəbəkələri” şirkətindən hələ də almalı olduğu əhəmiyyətli gəlir var.
Başqa sözlə, hüquqi baxımdan iş faktiki əsasdan məhrumdur, lakin baş nazir artıq ictimaiyyət qarşısında hökm çıxarıb. Paşinyan eyni davranışı Qaqik Tsarukyan, Robert Köçəryan və cinayət təqibinə məruz qalan digər siyasi rəqiblərinə qarşı da nümayiş etdirir.
Burada məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimiyyət bölgüsü ilə bağlı konstitusion prinsipin sistemli şəkildə pozulması ilə üz-üzəyik. Paşinyan, mahiyyət etibarilə, məhkəmə hakimiyyətini qəsb edib, siyasi rəqibləri barəsində təkbaşına “hökm” çıxarmaq funksiyasını öz üzərinə götürüb”, - deyə o qeyd edib.
Surenyants bildirib ki, avtoritar sistemdə istintaq orqanlarına Paşinyanın siyasi ittihamlarını “əsaslandırmaq”, məhkəmələrə isə onun ictimaiyyət qarşısında elan etdiyi “hökm”ləri hüquqi ifadələrlə rəsmiləşdirmək rolu ayrılıb.
“Paşinyanın “demokratiyası” budur. Bunun hüquqi dövlətlə heç bir əlaqəsi yoxdur. Belə praktika yalnız konstitusion prinsipləri pozmur, həm də cəmiyyətin ədalət mühakiməsinə inamını sistemli şəkildə dağıdır və onu siyasi hesablaşma alətinə çevirir”, - deyə Surenyants qeyd edib.
Alpər Mövludoğlu Ordu.az
