Erməni deputat: “Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır, müdafiə naziri rəqəmlərə cavab verməlidir”


“Zabit və əsgərlərin həyatı statistik manipulyasiyaların predmeti deyil, hər ölüm ayrıca insan faciəsidir və cəmiyyət tam cavab almaq hüququna malikdir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Güclü Ermənistan” fraksiyasının deputatı Marianna Qahramanyan müdafiə naziri Suren Papikyana ünvanladığı müraciətdə bildirib.
Erməni deputat nazirə müraciətində məsələyə qiymətləndirmələrlə deyil, faktlar və rəqəmlərlə yanaşmağı təklif edib. O vurğulayıb ki, açıqlanan hər rəqəmin arxasında həyatı və təhlükəsizliyi müdafiə nazirliyinin rəhbərlik etdiyi qurumun məsuliyyətində olan hərbçi dayanır.
Qahramanyanın təqdim etdiyi məlumatlara görə, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi 2026-cı ilin ilk yeddi ayında Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində hərbçilərin ölümü ilə bağlı 30 hadisə qeydə alındığını açıqlayıb. Təşkilat bu məlumatı xidmətlə əlaqəli və əlaqəli olmayan hadisələr üzrə bölgünü də təqdim etməklə yayıb.
Erməni deputatın istinad etdiyi digər məlumata görə, “İnfocom” nəşri Ermənistan Baş Prokurorluğunun rəsmi cavabına əsaslanaraq 2026-cı il sentyabrın 24-dək silahlı qüvvələrdə ölüm hallarının sayının 40-a çatdığını bildirib.
Qahramanyan qeyd edib ki, bu məlumatların dərcindən sonra da qeyri-döyüş şəraitində hərbçilərin ölümü ilə bağlı yeni hadisələr qeydə alınıb.
Onun təqdim etdiyi siyahıda 2026-cı il oktyabrın 1-də Gorus icmasının mövqelərindən birində 20 yaşlı müqaviləli hərbi qulluqçu Artur Virabyanın öldüyü göstərilir. İlkin məlumatlara görə, ölüm qəfil baş verib.
Oktyabrın 10-da Armen Qazaryanın odlu silah yarası almış meyiti aşkarlanıb. Oktyabrın 31-də isə Tiqran Stepanyanın meyiti odlu silah yarası ilə tapılıb. Noyabrın 18-də 19 yaşlı Narek Badalyan vəfat edib. İlkin məlumatlarda onun intihar etdiyi bildirilir.
Erməni deputat vurğulayıb ki, son hadisələr Ermənistan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib və “İnfocom”un yaydığı məlumatlarla birlikdə onun parlament tribunasından açıqladığı ümumi rəqəmi formalaşdırır.
Qahramanyan müdafiə naziri Suren Papikyana və Müdafiə Nazirliyinə bir sıra suallar ünvanlayıb. O, ilk növbədə, məlumatların dezinformasiya olduğu iddia edilirsə, Baş Prokurorluğun “İnfocom”a təqdim etdiyi rəsmi məlumatın niyə təkzib edilmədiyini soruşub.
Erməni deputat, həmçinin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin açıqladığı rəqəmlərin niyə təkzib olunmadığını soruşub. Onun sözlərinə görə, həmin göstəricilər də rəsmi qurumlardan əldə edilən məlumatlara əsaslanır.
“Əgər sizin statistikanız doğrudursa, niyə cəmiyyətə bütün ölüm hallarını, onların rəsmi təsnifatını və tam şəraitini göstərən, hər bir hadisə üzrə ayrıca yoxlanıla bilən məlumatları təqdim etmirsiniz?
Suren Papikyan, sizin üçün əlverişsiz olan rəqəmləri faktlarla cavab vermədən dezinformasiya adlandırmaq olmaz. 44 rəqəmini təkzib etmək asandır. Çətin olan isə həmin 44 hadisə ilə bağlı cəmiyyət qarşısında hesabat verməkdir. Buraya qeyri-döyüş şəraitində ölüm hallarının bu dəhşətli statistikasının qarşısını almaq üçün həyata keçirməli olduğunuz tədbirlər və görməli olduğunuz addımlar da daxildir”, - deyə drməni deputat bildirib.
Qahramanyan hərbçilərin həyatının statistik manipulyasiyaların predmeti olmadığını xüsusi vurğulayıb. O qeyd edib ki, hər bir ölüm ayrıca insan faciəsidir və cəmiyyət baş verənlərlə bağlı tam cavab almaq hüququna malikdir.
“Zabit və əsgərlərin həyatı statistik manipulyasiyaların predmeti deyil! Hər ölüm ayrıca insan faciəsidir, cəmiyyət isə tam cavablar almaq hüququna malikdir. Bu cavabları verin!”, - deyə erməni deputat Ermənistan müdafiə nazirinə müraciət edib.
Alpər Mövludoğlu Ordu.az
Report+6 mənbə