Emin Mahmudovdan "Neftçi" qərarı


Milli ilə vidalaşan Emin Mahmudovun klub karyerası ilə bağlı hansı qərarı verəcəyi maraqlıdı. Çünki təcrübəli yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə müddəti cari mövsümün sonunda başa çatacaq. Xatırlayırsızsa, baş məşqçi Yuri Vernidub futbolçu ilə bağlı müsbət fikirlər səsləndirmiş, komandada məşqçi vəzifəsində çalışa biləcəyini demişdi. İş ondadı ki, oyunçu klub karyerası ilə bağlı qərar verməyə tələsmir."Football-plus.az"ın əldə etdiyi məlumata görə, Eminin qərarı "Neftçi"nin çempion ola bilib-bilməməsindən asılı olacaq. "Ağ-qaralar" mövsümü birinci sırada başa vuracağı təqdirdə, Mahmudov Çempionlar Liqasında iştirak etmək şansından yararlanmağa çalışacaq. O, komandasının ən mötəbər avrokubok turnirində mümkün qədər irəliləməsində pay sahibi olmaq üçün əlindən gələni edəcək. Yox, bakılılar Avropa və ya Konfrans Liqasında çıxış etməli olsa, belədə Emin karyerasını başa vuracaq.
Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi 2017-ci ildən bəri "Neftçi"nin şərəfini qoruyur.
KƏNAN BAHADIR
