"Emin Mahmudov o futbolçulardan idi ki..." - Aslan Kərimov


Dünən Azərbaycan millisi yoxlama matçında Andorra ilə üz-üzə gəlib. Ayxan Abbasovun kollektivi rəqib üzərində 3:1 hesablı qələbə qazanıb.
Yığmanın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Millimiz yaxşı bir oyun nümayiş etdirdi. Düzdür, əslində, effektiv bir matç oldu. Bu, o demək deyil ki, mükəmməl oynadıq. Təbii ki, bu görüşün əsas mahiyyəti bəlli idi. Oynamayan futbolçularımız oyun praktikası əldə etsinlər, ilk dəfə çağırılan oyunçular isə məsuliyyəti nisbətən az olan bir matçda özlərini sınasınlar.
Məncə, qarşıya qoyulan məqsədə çata bildik. Çünki nə qədər 3:1 hesablı qələbə əldə etsək də, özümüzdə olan, buraxdığımız səhvləri də görmək imkanımız oldu. Andorra millisi bir qol vurmağı bacardı və çox güman ki, bu qolun üzərində məşqçi heyəti ən azından analiz aparacaqlar ki, nə üçün belə bir qol buraxdıq.
Lixtenşteynlə matçdan sonra Andorra ilə oyunda daha rahat oynayacağımızı iddia etmişdim. Çünki Lixtenşteynlə görüşün məsuliyyəti tamamilə başqa idi. Baxmayaraq ki, komanda olaraq Lixtenşteyn Andorradan bir az zəifdir, amma oyunun məsuliyyəti bir balaca oyunçularımızda təzyiq yaratdığına görə yaradılan qol epizodlarında bir az tələskənlik, bir az da həyəcan görünürdü. Andorra ilə oyunda isə futbolçularımız daha rahat görünürdü. Bunun sayəsində də ilk dəqiqələrdən qol vurmağı bacardıq. Daha sonra yenə də çoxlu qol imkanları yaratdıq, qollar vurduq. O cümlədən, rəqibə qol imkanı da verdik. Əfsuslar olsun. Hər halda, matç haqqında düşüncələrim odur ki, yaxşı bir görüş alındı. Bu oyunun effektini yəqin ki, baş məşqçi, həm də onun texniki heyəti dəyərləndirəcəklər.
Emin Mahmudova gəldikdə isə milli komandadan ayrıldı. Onun qərarına hörmətlə yanaşmaq lazımdır. Emin o futbolçulardan idi ki, həm milli, həm də klub səviyyəsində özünü tam olaraq həsr etmiş oyunçularımızdandır. Əzmkarlığı, bacarığı, kreativliyi sayəsində komandaya çox şeylər qatmışdı. Milli komandaya əla xidmət göstərib. Hətta bəlkə də milli komanda tarixində ən gözəl qolu vuran futbolçu da elə yəqin ki, Emin Mahmudov olacaq. İsveç millisinin qapısına vurduğu qol həqiqətən də nadir hallarda vurulan qollardandır. Hansı millinin qapısına vurulduğunu nəzərə alsaq, İsveç millisinin qapısına belə bir qol vurmaq doğrudan da çox dəyərlidir.
Yəni mən təbrik edirəm. Millidən ayrılmaq, yığma komandanın düşərgəsindən çıxmaq, artıq karyeranın sonuna yaxın bu qərarları vermək həddindən artıq çətin olur. Uğurlar arzulayıram. Ümid edirəm ki, Emin də gələcək karyerasını yenə futbolla bağlı quracaq. Bu, istər məşqçilik olsun, istərsə də idarəçilik. Hər halda, onun futbol təcrübəsinə əsaslanaraq yaxşı bir rəhbər və yaxud da məşqçi olma ehtimalı yüksəkdir".
Əlisahib İbrahimli