Əmək bazarının yeni tələbləri və insan kapitalı - FORUM


Yazını böyüt
Yazını kiçilt
Noyabrın 18-də peşə təhsilinin 10 illik yubileyinə həsr olunan Peşə Təhsili Forumu keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hafta.az xəbər verir ki, forumun açılışında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev çıxış ediblər. Sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə təhsili - 10 il” mövzusunda təqdimat edib.
Tədbirin “Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” mövzusunda keçirilən birinci panel sessiyasının moderatoru “Seft Consulting” MMC-nin direktoru İlkin Nəzərov olub. Sessiyada Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “Veysəloğlu” Şirkətlər Qrupunun baş icraçı direktorunun müavini İlqar Nuri və “TABİA Group”un əməliyyatlar üzrə baş direktoru Eldar Əlimuradov çıxış ediblər. Panel iştirakçıları regionların iqtisadi inkişaf prioritetləri, gələcək kadr tələbatının müəyyənləşdirilməsi, insan kapitalının inkişafında biznes sektorunun rolu və dövlət-özəl əməkdaşlığı məsələlərindən danışıblar.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının və peşə təhsilinin inkişafına, insan kapitalının yetişdirilməsinə fəal töhfə verən tərəfdaşların təltifolunma mərasimi keçirilib.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Forumun “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda keçirilən ikinci panel sessiyasına “Innoveta” MMC-nin direktoru Pərviz Yusifov moderatorluq edib. Sessiyada elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev çıxış ediblər. Paneldə dəyişən əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması, gələcək peşə təhsilinin inkişaf istiqamətləri, yeni bacarıqlara ehtiyac və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Forumun sonunda peşə təhsilinin inkişafında xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə bir qrup peşə təhsili əməkdaşı elm və təhsil naziri tərəfindən təltif olunub.
Dərc vaxtına görə