"Elmlər Akademiyası"ndakı sıxlıq azaldılsın, turizm təhsili 3 ilə endirilsin - Depuatatdan iki təklif


Bakının ən sıx tələbə axınına malik ərazilərindən biri olan Yasamal rayonunda ictimai nəqliyyat probleminin həlli və turizm sektorunda kadr hazırlığının sürətləndirilməsi Milli Məclisin gündəminə gətirilib.
32gun.az xəbər verir ki, məsələ ilə bağlı parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Göydəniz Qəhrəmanov çıxış edib.
Millət vəkili xüsusilə dərs saatlarında paytaxtın mərkəzi nəqliyyat qovşaqlarından birində yaranan gərginliyə diqqət çəkərək yeni marşrut xətlərinin açılmasını zəruri sayıb:
"Yasamal rayonu əhali sıxlığına, eyni zamanda tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir. Ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan, ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var".
Göydəniz Qəhrəmanov çıxışında həmçinin ölkədə sürətlə böyüyən turizm sənayesinin artan kadr ehtiyacına toxunub və ali məktəblərdə tədris müddətinə yenidən baxılmasını təklif edib:
"Təklif edirəm, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq".
Qeyd edək ki, səsləndirilən bu təkliflər həm paytaxtda tələbələrin gündəlik nəqliyyat rahatlığının təmin olunması, həm də sürətlə inkişaf edən turizm bazarının çevik işçi qüvvəsi ilə təchiz edilməsi baxımından xüsusi aktuallıq daşıyır.
Ayaz