Elm Fondunun 2027-ci il hədəfləri: yeni qrant müsabiqələri və gənc alimlərə dəstək


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Elm Fondu 2027-ci ildə qrant maliyyələşdirilməsinin səmərəliliyinin artırılmasını, elmi layihələrin nəticəyönümlülüyünün gücləndirilməsini və tədqiqatların keyfiyyətinin yüksəldilməsini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Elm Fondundan məlumat verilib. Bildirilib ki, Fondun 2027-ci il üzrə fəaliyyətində ölkənin elmi prioritetlərinə uyğun yeni qrant müsabiqələrinin təşkili, gənc alim və tədqiqatçıların dəstəklənməsi imkanlarının genişləndirilməsi, eləcə də elmi layihələrin icrasına və nəticələrinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq elmi əməkdaşlığın və birgə tədqiqat təşəbbüslərinin təşviqi, elmi nəticələrin praktik tətbiqinin genişləndirilməsi, innovasiya potensialının artırılması, qrant proseslərində şəffaflığın və idarəetmə səmərəliliyinin yüksəldilməsi də prioritet istiqamətlər sırasındadır. Bu istiqamətlər üzrə konkret tədbirlər müvafiq qaydada təsdiq ediləcək fəaliyyət planları və maliyyə imkanları çərçivəsində müəyyənləşdiriləcəkr.
“Bundan sonra da ölkəmizin elmi potensialının gücləndirilməsinə, rəqabətqabiliyyətli elmi tədqiqatların dəstəklənməsinə və gənc alimlərin inkişafına töhfə verməyi qarşıya məqsəd qoymuşuq. Bizim üçün prioritet istiqamət qrant vəsaitlərinin yalnız elmi layihələrin həyata keçirilməsinə deyil, həm də ölçülə bilən, davamlı və cəmiyyət üçün faydalı nəticələrin əldə olunmasına xidmət etməsidir”, - deyə Fondun məlumatında vurğulanıb. Qeyd olunub ki, əsas istiqamət qrant vəsaitlərinin yalnız elmi layihələrin həyata keçirilməsinə deyil, həm də ölçülə bilən, davamlı və cəmiyyət üçün faydalı nəticələrin əldə olunmasına yönəldilməsidir. Elmi tədqiqatlara məqsədyönlü dəstəyin Azərbaycanın intellektual potensialının güclənməsinə və beynəlxalq elmi nüfuzunun yüksəlməsinə töhfə verəcəyi gözlənilir.
Müxbir - Tünzalə Arazlı
1 mənbə
