BVF rəhbərindən xəbərdarlıq: Süni intellekt inflyasiyanı və faiz dərəcələrini artıra bilər


Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva süni intellekt texnologiyalarına artan tələbatın dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirə biləcəyini bildirib.
Xitab24.az “The Guardian”a istinadən xəbər verir ki, Georgiyeva Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı süni intellekt avadanlıqlarına və texnologiya məhsullarına artan tələbatın qiymətlərə təsir etdiyini deyib.
BVF rəhbərinin sözlərinə görə, Yaxın Şərqdəki müharibənin yaratdığı enerji böhranı da inflyasiya təzyiqlərini artırır. Bu amillər bir sıra ölkələrdə pul-kredit siyasətinin sərtləşdirilməsini, başqa sözlə, faiz dərəcələrinin artırılmasını zəruri edə bilər.
Georgiyeva qlobal inflyasiyanın bu il 4,7 faizə yüksələ biləcəyini proqnozlaşdırıb.
O, ölkələri süni intellekt texnologiyalarının sürətli inkişafına hazırlaşmağa, rəqəmsal infrastrukturu gücləndirməyə və kibertəhlükəsizlik risklərini nəzərə almağa çağırıb.
1 mənbə