Ekspert: Nəqliyyat vasitələrinin texniki vəziyyəti daim diqqətdə saxlanılmalıdır


Bakı, 18 noyabr, AZƏRTAC
Avtomobillərin hibrid və elektromobillər kimi müasir texnologiyalar əsasında istehsalı nəqliyyat sektorunda yeni imkanlar yaradıb. Bu texnologiyalar nəqliyyat vasitələrinin enerji təminatını optimallaşdırmağa və daha uzun məsafə qət etməsinə şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, avtomobillərdə hər hansı texniki nasazlığın yaranması onların təhlükəsiz istismarına və hərəkət effektivliyinə birbaşa təsir göstərir: “Xüsusilə hərəkət zamanı avtomobilin alışması kimi hallar həm nəqliyyat vasitəsinin istehsalçısının nüfuzuna, həm də həmin markanın məhsullarına olan istehlakçı marağına mənfi təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, nəqliyyat vasitələrinin istismarı zamanı bu cür risklərin qarşısının alınması və texniki təhlükəsizlik tələblərinə əməl olunması vacibdir. Nəqliyyat sisteminin etibarlı fəaliyyətinin təmin edilməsi üçün avtomobillərin texniki vəziyyəti və istismar xüsusiyyətləri daim diqqətdə saxlanılmalıdır.
1 mənbə
