Dünya nəhəngləri Batrakovu izləməyə gələcək


"Barselona" (Barcelona) və "Bayern Münhen" (Bayern München, Bayern Munich) "Qalatasaray"ın futbolçusu Aleksey Batrakova maraq göstərir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı rusiyalı hücumameyilli yarımmüdafiəçi bu mövsüm nümayiş etdirdiyi performansla Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Batrakov ötən yay Moskva "Lokomotiv"indən (Lokomotiv Moscow) 25 milyon avro qarşılığında "Qalatasaray"a transfer olunub. Gənc futbolçu İstanbul klubunun heyətində bütün turnirlərdə keçirdiyi 13 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun UEFA Çempionlar Liqasındakı çıxışı da diqqət çəkib. Rusiyalı yarımmüdafiəçi turnirdə 4 dəfə fərqlənib.
"Barselona" və "Bavariya"nın skautları noyabrın 24-də keçiriləcək "Qalatasaray" - "Aston Villa" qarşılaşmasında Batrakovu canlı izləməyi planlaşdırırlar. PSJ (Paris Saint-Germain) və İngiltərənin bir sıra klublarının da futbolçu ilə maraqlandığı bildirilir.
"Qalatasaray" isə gənc istedadını asanlıqla itirmək niyyətində deyil. İstanbul təmsilçisinin futbolçunun müqaviləsindəki 55 milyon avroluq sərbəstqalma məbləğini 100 milyon avroya yüksəltməyi planlaşdırdığı iddia olunur.
Qeyd edək ki, Batrakovun "Qalatasaray"la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Əlisahib İbrahimli
