“Dünənimiz - bugünümüz” layihəsinin mətbuat konfransı keçirilib


Azərbaycan musiqi irsinin qorunması və təbliği məqsədilə hazırlanan “Dünənimiz - bugünümüz” adlı layihənin təqdimat mərasimi və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çoxsaylı media qurumlarının nümayəndələri iştirak edib.
Təqdimat zamanı layihənin ideyası, məqsədi, hazırlanma prosesi və musiqi konsepsiyası haqqında ətraflı məlumat verilib, iştirakçılara layihəni əks etdirən videoçarx nümayiş olunub.
Layihə çərçivəsində Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələri - Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarovanın repertuarından seçilmiş əsərlər müğənni Yaqut Xəlilzadənin ifasında yenidən səsləndirilib.
Həmin sənətkarların yaddaşlara həkk olunmuş ifaları müğənni Yaqut Xəlilzadə tərəfindən müasir formada yenidən təqdim edilib. Layihədə əsas məqsəd orijinal ifaların bədii ruhunu qorumaqla yanaşı, onları yeni musiqi yanaşması ilə bugünkü dinləyicilərə çatdırmaqdır. Layihənin rəhbəri Asif Kərimov, prodüseri və konsertmeysteri Fərid Atazadə, ifaçısı isə Yaqut Xəlilzadədir.
Təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında jurnalistlər layihə heyətinə suallar ünvanlayıb, layihənin ərsəyə gəlməsi, seçilən sənətkarlar və gələcək planlarla bağlı maraqlanıblar.
Qeyri-peşəkar və zövqsüz musiqilərin tüğyan etdiyi bir zamanda tanınmış musiqişünas Asif Kərimovun yenə də öz ənənəsinə sadiq qalaraq keyfiyyətli musiqilərin təbliğatı üçün belə bir layihə ərsəyə gətirməsi media nümayəndələri və sənət adamları tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, “Dünənimiz - bugünümüz” layihəsi Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin sənət irsini yaşatmaq, onların yaradıcılığını yeni nəsillərə tanıtmaq və milli musiqi ənənələrinin davamlılığını təmin etmək məqsədi daşıyır.
Zeynəb Rzayeva
