Bir az kamilləşməkdə fayda var…


Dərc olunub: Bu gün, 15:28
Bölmə: Video
“Elza Seyidcahan qeyri-adi istedada malik yaradıcı Azərbaycan qızıdır. İstəsəniz də belədir, istəməsəniz də…”
Təxminən 20 il əvvəl olardı. Konqresin icraçı direktoru vəzifəsinə yenicə təyin olunduğum vaxtlarda Azərbaycandan Niderlanda gələn incəsənət nümayəndə heyətlərini qarşılamalı olurdum. Belə qarşılananlardan biri də Elza Seyidcahan olmuşdu.
Onu ilk dəfə görürdüm. Evimizdə heç vaxt televizora baxmadığımız üçün yeni müğənniləri tanımırdım.
İlk görüşdə Elza çox fərqli bir xanım təsiri bağışlamışdı. Bir çox sənət adamlarından fərqli olaraq, onun oturuşu-duruşu, süfrə arxasındakı kübar davranışı, incə ünsiyyət mədəniyyəti diqqətimi çəkmişdi.
İlk təəssüratdan onun şəhər mədəniyyətinə, geniş dünyagörüşünə və özünəməxsus düşüncə tərzinə malik kübar bir xanım olduğunu sezmək çətin deyildi.
Şirin söhbəti, incə nitq mədəniyyəti, olduqca səmimi davranışı və savadı ilə insanı özünə cəlb edirdi. Onu dinlədikcə millətimizin belə geniş dünyagörüşlü, fərqli düşüncəli xanımlarının olmasına sevinirdim.
Söhbətlərinin məntiqinə, fikirlərinin ifadə tərzinə heyran qalmışdım. Sadə görünüşünün arxasında dünyaya tamam başqa pəncərədən baxan, qeyri-adi yaradıcılıq potensialına malik bir insanın dayandığını hiss edirdim.
Üzündən təbəssüm əskik olmayan bu gözəl xanımın baxışlarında, nədənsə, bir kədər də duyulurdu. Sanki bu dünya ilə hesab-kitab çəkmək istəyirdi… Elə bil daxilində bir vulkan yatırdı və nə vaxtsa püskürəcəyini hiss etdirirdi…
Təəssüf ki, görüşümüz uzun çəkmədi. Ayrıldıq. Amma Elza xanım yaddaşımda həmişə yüksək mədəniyyətə, incə davranışa və fərqli düşüncəyə malik bir sənət adamı kimi qaldı.
Sonralar sosial şəbəkələrdə onun şeirlərini dinləməyə başladım. Zaman keçdikcə belə bir qənaətə gəldim ki, bu xanım Azərbaycan ədəbiyyatına tamamilə fərqli bir yaradıcılıq istiqaməti gətirir. Onun poeziyasında sürrealist düşüncənin özünəməxsus təzahürlərini görürdüm.
Bu gün Elza Seyidcahanı Azərbaycan ədəbiyyatında sürrealist poeziyanın fərqli və diqqətəlayiq nümayəndələrindən biri, bəlkə də birincisi hesab etmək olar.
Bəlkə də onu anlamağımız, yaradıcılığının mahiyyətini dərk etməyimiz üçün hələ illər lazım olacaq…
Elza xanımı televiziya ekranlarında aparıcıların bir-birinə göz-qaş edərək ələ saldıqlarını, ona gülüş hədəfi kimi yanaşdıqlarını görəndə isə istər-istəməz Mirzə Cəlilin “Dəli Yığıncağı” əsəri yadıma düşür.
Təəssüf ki, Elzanın yaradıcılığını mühakimə edənlərin bir qismi özləri sənətin, ədəbiyyatın və estetik düşüncənin nə olduğunu anlamaq səviyyəsində deyillər.
Heç bir ciddi mövzu ortaya qoymadan, milləti mənasız ləhcələrlə güldürməyi sənət hesab edən “Bu Şəhərdə”nin bəzi yanaşmaları, küçə yumorunu səhnə mədəniyyəti kimi təqdim edən “Komedixana”nın düşüncə tərzi ilə Elza Seyidcahanın yaradıcılığını ölçmək, məncə, elə özü bir yanlışlıqdır.
Gəlin, fərqli düşünənlərə, qeyri-adi istedad sahiblərinə düşmən kəsilməyək. Hər kəsin sənət anlayışı, dünyagörüşü və zövqü fərqli ola bilər. Bəyənməmək olar, tənqid etmək də olar. Amma anlamadığımız hər şeyə gülməyi, onu ələ salmağı özümüzə rəva bilməyək.
El arasında gözəl bir məsəl var:“Kamillə daş daşı, cahillə bal da yemə!”
Elman MustafazadeAvropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, “Xudaferin” (www.xudaferin.eu) jurnalının baş redaktoru.
