Dövlət evimizdəki cihazların sayını biləcək: Bəs məlumatlarımız necə qorunacaq?


Azərbaycanda 2027-ci ildən ev təsərrüfatlarının uçotu çərçivəsində mənzillərdəki kompüter, notbuk və planşetlərin sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatların toplanması nəzərdə tutulur. Bu qərar sosial şəbəkələrdə günlərdir ki, müzakirələrə səbəb olub. Vətəndaşlar arasında evlərdəki elektron cihazlarla bağlı məlumatların hansı məqsədlə toplanacağı, bu məlumatların dövlətə nə üçün lazım olduğu və gələcəkdə necə istifadə ediləcəyi ilə bağlı suallar yaranıb.
Bəs bu, ölkənin rəqəmsal imkanlarını müəyyənləşdirmək üçün adi statistik araşdırmadır, yoxsa məlumatların toplanması ilə bağlı əlavə təminatlara ehtiyac var? Niyə məhz kompüter, notbuk və planşetlər uçota alınır?
Rəqəmsal marketinq üzrə ekspert Fərhad Kərimli Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb:" Dövlət niyə vətəndaşın evində hansı elektron cihazların olduğunu bilmək istəyir?
Əslində, bu sualın cavabını tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Dünyada bu praktika yeni deyil. Məsələn, ABŞ 2013-cü ildən “American Community Survey” çərçivəsində ev təsərrüfatlarının kompüter və internet imkanlarını araşdırır. Bunun arxasında kifayət qədər məntiqli səbəb dayanır: dövlət ölkədə internetə çıxışın hansı səviyyədə olduğunu, hansı ərazilərdə texnoloji imkanların zəif qaldığını və rəqəmsal bərabərsizliyin harada daha çox hiss edildiyini müəyyənləşdirmək istəyir.Argentina 2022-ci il əhali siyahıyaalmasında kompüter, mobil telefon və internet imkanlarını araşdırıb. Keniya da 2019-cu il siyahıyaalmasında ev təsərrüfatlarının texnoloji təminatı ilə bağlı məlumatlar toplayıb.
Avropa İttifaqında isə “Eurostat” vasitəsilə bu göstəricilər mütəmadi izlənilir.
Yəni məsələ yalnız Azərbaycana aid deyil. Əksinə, rəqəmsal inkişafı ölçmək istəyən ölkələr üçün bu, kifayət qədər tanış statistik praktikadır.
Bəs dövlət bu məlumatlardan nə əldə edir?
Tutaq ki, araşdırma nəticəsində məlum olur ki, müəyyən regionlarda ailələrin böyük hissəsinin kompüteri yoxdur. Bu, təhsil siyasətindən tutmuş internet infrastrukturuna qədər bir çox qərara təsir edə bilər. Distant təhsil üçün kompüteri olmayan ailələr, internetə çıxış imkanları məhdud olan kəndlər, texnologiyadan istifadə baxımından geri qalan sosial qruplar... Dövlət bu mənzərəni görmədən düzgün rəqəmsallaşma siyasəti qura bilməz. Buraya qədər hər şey məntiqlidir. Bəs məsələ yalnız statistika ilə bitir?"
Ekspert fikirlərinin davamı olaraq qeyd edib:"Bir evdə üç notbuk, iki planşet və bir kompüter olduğunu bilmək başqa şeydir. Həmin cihazların seriya nömrəsini, kimə məxsus olduğunu, kim tərəfindən istifadə edildiyini və fəaliyyət tarixçəsini bilmək isə tamam başqa şey.
Bunlar eyni anlayış deyil. Hazırda açıqlanan Azərbaycan qərarında cihazların IMEI və seriya nömrələrinin toplanması, yaxud istifadəsinin izlənilməsi nəzərdə tutulduğunu göstərən müddəa yoxdur. Ona görə də bu prosesi birbaşa nəzarət mexanizmi adlandırmaq düzgün olmaz.
Amma bir sual var: məlumatlar hansı həcmdə toplanacaq, harada saxlanılacaq və gələcəkdə kimlərin istifadəsinə veriləcək? Çünki rəqəmsal dünyada məlumatın özü böyük resursdur.
Bu gün evdə neçə cihaz olduğunu öyrənirsiniz. Sabah həmin məlumatı digər statistik göstəricilərlə birləşdirirsiniz. Nəticədə ayrı-ayrı ev təsərrüfatları haqqında daha geniş sosial və texnoloji profil əldə etmək mümkün olur.
Bu, mütləq belə ediləcək demək deyil. Sadəcə, məlumatların qorunması və istifadəsi məsələsinin niyə vacib olduğunu göstərir".
Müsahibimiz əlavə edib ki, əgər məqsəd ölkədə neçə evdə kompüter, notbuk və planşet olduğunu müəyyənləşdirməkdirsə, bunu bütün ev təsərrüfatlarına müraciət etmədən, reprezentativ sorğu vasitəsilə də hesablamaq mümkündür: "Məsələn, ABŞ-ın American Community Survey modeli də seçilmiş ev təsərrüfatları əsasında məlumat toplayır. Onda sual yaranır: Azərbaycanda niyə bu uçotun əhatə dairəsi belə müəyyənləşdirilib? Bütün ev təsərrüfatlarının əhatə olunması hansı əlavə üstünlük yaradır?
Digər tərəfdən, niyə məhz kompüter, notbuk və planşet? Bəs televizor, smartfon, oyun konsolu, ağıllı ev sistemləri və digər elektron cihazlar?
Əgər məqsəd ev təsərrüfatlarının texnoloji təminatını müəyyənləşdirməkdirsə, hansı cihazların bu siyahıya daxil edilməsinə kim və hansı meyarlarla qərar verir?
Bunlar cavablandırılmalı suallardır.
Yekun olaraq, burada əsas problemi insanların evindəki kompüterlərin sayılmasında görmürəm. Dünyada bu cür statistik məlumatların toplanması normal praktikadır və dövlətin ölkənin rəqəmsal vəziyyətini bilməsi vacibdir.
Amma dövlətin topladığı məlumatların sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Vətəndaş bilməlidir ki, ondan hansı məlumat alınır, bu məlumat hansı məqsədlə istifadə olunur, kimlərin ona çıxışı var və nə qədər müddət saxlanılır. Çünki rəqəmsallaşma yalnız dövlətin vətəndaş haqqında daha çox məlumat əldə etməsi deyil. Eyni zamanda vətəndaşın da dövlətin onun məlumatları ilə nə etdiyini bilə bilməsidir".
Afaq Mirayiq,Musavat.com
1 mənbə
