DİM statistikası təhsildəki ciddi problemi ortaya qoyur – Ekspert


20.11.2026
17:40
Təhsil İnstitutunda “Riyaziyyat” dərsliklərinin ictimai müzakirəsi zamanı dərsliklərin məzmununda ciddi problem olmadığı bildirilib.
ERAmedia-nın məlumatına görə, təhsil eksperti Etibar Əliyev bu açıqlamaya münasibət bildirərək DİM-in 2026-cı ildə açıqladığı statistik nəticələrin ölkədə şagirdlərin fənlər üzrə bilik səviyyəsi ilə bağlı ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Ekspert qeyd edib ki, Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun riyaziyyat dərsliklərinin məzmununda ciddi problem olmadığını bildirməsi real nəticələr fonunda suallar yaradır.
Etibar Əliyevin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin 2026-cı il üzrə statistik hesabatı adi imtahan göstəricilərindən daha çox, milli təhsil sistemindəki problemləri əks etdirən mənzərədir. Hesabata əsasən, orta statistik abituriyent riyaziyyat üzrə testlərin təxminən 29–34 faizini, fizika üzrə 34–36 faizini, kimya üzrə 30–32 faizini, informatika üzrə 34–38 faizini, tarix üzrə 24–29 faizini, coğrafiya üzrə isə 23–26 faizini düzgün cavablandırıb.
Ekspert hesab edir ki, dərsliklərin məzmununda ciddi problem olmadığı iddia edilirsə, şagirdlərin bu qədər aşağı nəticə göstərməsinin səbəbləri açıq şəkildə izah edilməlidir. Təhsil sistemində mövcud vəziyyəti yalnız dərsliklərin məzmununa verilən müsbət qiymətləndirmə ilə əsaslandırmaq mümkün deyil.
Etibar Əliyev tarixi statistikaya da diqqət çəkərək bildirib ki, 2000-ci ildə DİM-in məlumatlarına əsasən, 9-cu sinif şagirdlərinin 50 faizi birinci mərhələ riyaziyyat imtahanında cavab vərəqələrini heç bir qeyd aparmadan təhvil verib.
Ekspertin fikrincə, bu cür göstəricilər riyaziyyat tədrisində və şagirdlərin bilik səviyyəsində uzun illərdir mövcud olan problemlərin ciddiliyini göstərir.
O, şagirdlərin riyazi savadsızlığı ilə bağlı narahatedici göstəricilərin görməzdən gəlinməsini və problemin yalnız dərsliklərin məzmununun müzakirəsi ilə məhdudlaşdırılmasını tənqid edib. Təhsil sahəsində real vəziyyətin statistik göstəricilər əsasında qiymətləndirilməsinin, problemlərin açıq müzakirəsinin və onların aradan qaldırılması üçün sistemli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Vüsalə
