Dərsliklərin hazırlanmasında ictimai rəy diqqətə alınır?


Dərsliklərin hazırlanmasında ictimai rəy diqqətə alınır? - HƏQİQƏTƏN DƏ...
“Riyaziyyat 7” və “Fizika 9” dərslik layihələrinin ictimai müzakirəsi zamanı ictimaiyyətdən heç bir rəy və təklif daxil olmayıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, “Riyaziyyat 7” dərslik layihəsinə fənn mütəxəssisləri tərəfindən 300-dən çox, “Fizika 9” layihəsinə isə 480-dən çox rəy və təklif verilib. Lakin hər iki layihə üzrə ictimaiyyətin rəyi olmayıb.
Digər dərslik layihələrində də ictimai iştirakçılıq aşağı olub. Belə ki, “Azərbaycan tarixi 7” layihəsinə mütəxəssislər 1000-dən çox, ictimaiyyət isə cəmi 21 rəy və təklif təqdim edib.
“Biologiya 9” layihəsi üzrə mütəxəssislərdən 530-dan çox, ictimaiyyətdən isə yalnız 3 rəy daxil olub. Qeyd olunub ki, ictimai müzakirələrdə iştirakın azlığı dərsliklərin geniş ictimai rəy əsasında təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bildirilib ki, dərslik layihələri nəşrdən əvvəl Dövlət İmtahan Mərkəzinə və digər aidiyyəti qurumlara təqdim olunur, həmçinin trims.edu.az saytında ictimai müzakirəyə çıxarılır.
Daxil olan rəylər nəşriyyat və müəllif heyəti tərəfindən təhlil edilərək layihələr üzərində düzəlişlər aparılır. Dərsliklərin keyfiyyəti ilə bağlı cəmiyyətdə tez-tez narazılıqlar səsləndirildiyi halda, onların müzakirəsində ictimaiyyətin bu qədər passiv olması nə ilə bağlıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, dərsliklərin hazırlanması zamanı ictimai müzakirələrin təşkili artıq şəffaf və açıq mexanizm əsasında həyata keçirilir:
“Dərslik layihələri “Teams.edu.az”saytında yerləşdirilir, həm Dövlət İmtahan Mərkəzinə, həm də digər aidiyyəti qurumlara təqdim olunur. Daxil olan rəylər nəşriyyat və müəllif heyəti tərəfindən təhlil edilir, onların əsasında layihələrə müvafiq düzəlişlər edilir.
Bu proses dərsliklərin hazırlanmasında ictimai iştirakçılıq üçün real imkanlar yaradır. Rəqəmlər də göstərir ki, mütəxəssislər müzakirələrdə fəal iştirak edirlər. Bu, peşəkar ictimaiyyətin dərsliklərin hazırlanmasına ciddi yanaşdığını göstərir.
İctimaiyyətin ümumi fəallığının nisbətən aşağı olması isə bir sıra obyektiv amillərlə bağlıdır. Dərslik layihələrinin qiymətləndirilməsi xüsusi bilik, metodiki hazırlıq və ciddi təhlil tələb edir. Bu səbəbdən adi vətəndaşların layihələrə sistemli və əsaslandırılmış rəy bildirməsi o qədər də asan deyil”.
Onun sözlərinə görə, cəmiyyətdə dərsliklərlə bağlı narazılıqlar əsasən nəşrdən sonra, onların tədris prosesində tətbiqi zamanı səsləndirilir:
“Layihələrin müzakirə mərhələsində isə ictimai maraq və iştirak nisbətən zəif olur. Bu vəziyyət ictimai iştirakçılıq mədəniyyətinin hələ tam formalaşmadığını göstərir.
Əslində, tənqid etmək hüququ ilə yanaşı, dərslik layihələrinin müzakirəsi mərhələsində rəy bildirmək məsuliyyəti də var. Çünki məhz bu mərhələdə irəli sürülən təkliflər nəzərə alınaraq dərsliklər təkmilləşdirilə bilər.
İctimai iştirakçılığı artırmaq üçün isə bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, müzakirə prosesi ilə bağlı məlumatlandırma işi gücləndirilməli, məktəblər, valideyn qrupları və sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çatdırılmalıdır.
Eyni zamanda, müəllimlər, fənn birlikləri və metodik şuralar bu prosesə daha fəal cəlb edilməlidir.
Çünki dərslikləri birbaşa sinifdə tətbiq edən məhz müəllimlərdir və onların rəyləri xüsusi əhəmiyyət daşıyır”.
Ekspert qeyd edib ki, rəy bildirmə mexanizmi sadələşdirilməli, ayrı-ayrı mövzular və bölmələr üzrə təkliflərin verilməsinə imkan yaradılmalıdır:
“İctimaiyyət tərəfindən irəli sürülən təkliflərin hansının nəzərə alındığı və hansı dəyişikliklərə səbəb olduğu barədə də mütəmadi məlumat verilməlidir.İnsanlar öz iştiraklarının real nəticəsini görə bilməlidirlər.
Hesab edirəm ki, dərsliklərin keyfiyyəti ortaq məsuliyyət məsələsidir. İctimaiyyətin bu prosesdə fəal iştirakı isə dərsliklərin daha da təkmilləşdirilməsinə və təhsil materiallarının keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər”.
