Depressiya riskini azalda bilən qidalar müəyyənləşdirildi

Meyvə və tərəvəzlə zəngin qidalanma gələcəkdə depressiya ilə üzləşmə ehtimalının azalması ilə əlaqələndirilib. Alimlər bu nəticəyə uzunmüddətli müşahidələrin təhlilindən sonra gəliblər.
Tiraj.az xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin tədqiqatçılarının da iştirak etdiyi araşdırmada bildirilir. Nəticələr “Journal of Affective Disorders” elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində ümumilikdə 385 449 yetkin insanın iştirak etdiyi 13 elmi araşdırmanın məlumatları birləşdirilib. Müşahidə müddətində 26 592 nəfərdə depressiya qeydə alınıb.
Alimlər iştirakçıların meyvə və tərəvəz istehlakını ayrıca, eləcə də birlikdə qiymətləndiriblər. Nəticələrə əsasən, daha çox meyvə yeyən insanlarda depressiya riski bu məhsulları az qəbul edənlərlə müqayisədə təxminən 16 faiz aşağı olub. Tərəvəz istehlakının yüksək olduğu qrupda isə risk fərqi 12 faiz təşkil edib.
Tədqiqatçılar bu əlaqəni bitki mənşəli qidaların tərkibindəki lif və digər faydalı maddələrlə izah edirlər. Belə məhsullar maddələr mübadiləsində və orqanizmdə iltihabi proseslərin tənzimlənməsində iştirak edən komponentlərlə zəngindir.
Bununla belə, alimlər nəticələrin birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Çünki sağlam qidalanan insanlar fiziki aktivlik, gəlir səviyyəsi və digər gündəlik vərdişlər baxımından da fərqlənə bilərlər.
Araşdırma meyvə və tərəvəz istehlakının psixi sağlamlıqla əlaqəli ola biləcəyini göstərsə də, depressiyanın qarşısının alınması üçün yalnız qidalanmaya güvənmək düzgün deyil.
Arif