Dardenn qardaşlar "Ömürboyu nailiyyət mükafatı" ilə təltif olunacaq


Məşhur belçikalı rejissorlar Jan-Pyer və Lyuk Dardenn 16 yanvar 2027-ci ildə Afinada keçiriləcək "European Film Awards" mərasimində "Ömürboyu nailiyyət mükafatı" ilə təltif olunacaqlar.
Kulis.az xəbər verir ki, ikiqat "Qızıl palma budağı" laureatı olan qardaşlar "Euronews Culture"a verdikləri müsahibədə mükafat, süni intellektin yaratdığı təhlükələr və Avropa kinosunun gələcəyi barədə fikirlərini bölüşüblər.
Qardaşlar süni intellektin aktyorları əvəzləməsinə və filmlərin montajını diktə etməsinə qarşı çıxaraq kinoda insani hisslərin və canlı yanaşmanın qorunmasının vacibliyini vurğulayıblar.
Lyuk Dardenn "Bir gün surəti həqiqətlə səhv salsaq, işimiz bitmiş olacaq" deyərək texnologiyadan ehtiyatla istifadə olunmalı olduğunu qeyd edib.
Jan-Pyer Dardenn mədəniyyətin adi ticari məhsula çevrilməsinin fəlakət olacağını bildirib, Avropada qorunan "mədəni imtiyaz"ın müstəqil və rəngarəng filmlərin yaşamasındakı həlledici roluna diqqət çəkib.
Onlar növbəti filmlərinin çəkilişlərinə gələn ilin sentyabr və ya oktyabr aylarında başlamağı planlaşdırdıqlarını, lakin maliyyə məsələsinin hələ tam həll olunmadığını deyiblər.
Qardaşlar 40 illik birgə yaradıcılıq yolunda ayrılmağı heç düşünmədiklərini də əlavə ediblər.