Çiy, yoxsa qovrulmuş tum: Hansı daha faydalıdır?


Günəbaxan tumu faydalı yağlar, bitki mənşəli zülal, vitamin və antioksidantlarla zəngin qidalardan biridir. Lakin onun çiy və ya qovrulmuş halda yeyilməsi orqanizmin qəbul etdiyi qida maddələrinin miqdarına təsir göstərə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Verywell Health” nəşri araşdırmalara istinadən məlumat yayıb.
Məlumata görə, günəbaxan tumunun yüksək temperaturda qovrulması onun qida tərkibində müəyyən dəyişikliklərə səbəb olur. Xüsusilə zülalın strukturunda dəyişiklik baş verir, E vitamininin və fenol antioksidantlarının miqdarı azalır.
Tədqiqatlar göstərir ki, qovurma zamanı tumun tərkibindəki fenollar və flavonoidlər də azalır. Bu maddələr orqanizmdə sərbəst radikalları neytrallaşdırmağa və oksidləşdirici stressi azaltmağa kömək edir.
Bununla belə, qovrulmuş tumun bəzi üstünlükləri də var. İstilik emalı toxumun hüceyrə divarlarını parçalayaraq karotinoidlər kimi bəzi maddələrin orqanizm tərəfindən daha asan mənimsənilməsinə şərait yarada bilər. Bundan başqa, qovurma tumun dadını və xırtıldayan teksturasını yaxşılaşdırır.
Mütəxəssislər bildirirlər ki, qida dəyərinin nə qədər azalması qovurma temperaturundan və müddətindən asılıdır. Yüngül və orta dərəcədə qovurma zamanı faydalı maddələrin itkisi nisbətən az olur.
Günəbaxan tumu orqanizmə nə verir?
Rochester Universitetinin Tibb Mərkəzinin məlumatına əsasən, çiy günəbaxan tumunun tərkibində E vitamini, maqnezium, selen, B qrupu vitaminləri, zülal və ürək üçün faydalı doymamış yağlar var.
Bu maddələr ürək və beyin fəaliyyətinin, immun sisteminin və enerji mübadiləsinin normal işləməsini dəstəkləyir.
Beləliklə, antioksidantların və E vitamininin daha çox qorunması baxımından çiy tum daha üstün hesab olunur. Qovrulmuş tum isə bəzi qida maddələrinin mənimsənilməsini asanlaşdıra və dad baxımından daha cəlbedici ola bilər.
Samir
