Çinli sevgilisi casusluqda ittiham olunmuşdu: Keçmiş baş direktorun vəzifəyə qayıtmaq arzusu baş tutmadı


18.11.2026
12:46
Çinlə əlaqəli casusluq iddiaları və nikahdankənar münasibətləri ilə bağlı xəbərlərin gündəmə gəlməsindən sonra vəzifəsini tərk etmək məcburiyyətində qalan “Nvidia” şirkətinin keçmiş baş direktoru (CEO) Censen Huanqın vəzifəyə qayıtmaq arzusu baş tutmayıb. Huanqın “Şərtlər yaranarsa, vəzifəmə qayıtmağa hazıram” açıqlamasına şirkətin Direktorlar Şurasının sədri Harvi Cons operativ şəkildə cavab verərək onun yenidən CEO təyin olunmasının nəzərdə tutulmadığını bildirib.
ERAmedia xəbər verir ki, “Nvidia” Direktorlar Şurasının sədri Harvi Cons keçmiş CEO Censen Huanqın yenidən şirkətə rəhbərlik etməsinə dair hər hansı planlarının olmadığını açıqlayıb. Qeyd edək ki, Huanqın istefası Direktorlar Şurası tərəfindən yekdilliklə qəbul edilmişdi.
Cons bu barədə “Nvidia”nın 2027-ci maliyyə ilinin üçüncü rübünə aid maliyyə nəticələrinin müzakirə olunduğu telekonfransda danışıb. Oktyabrın 25-də başa çatan üçaylıq dövrün nəticələrinə həsr olunan tədbirdə o, Direktorlar Şurasının Huanqın istefasını yekdilliklə qəbul etdiyini xatırladıb və onun yenidən CEO vəzifəsinə qaytarılması niyyətlərinin olmadığını vurğulayıb.
“Nvidia”nın kifayət qədər güclü şirkət olduğunu və maliyyə göstəricilərinin də bunu təsdiqlədiyini bildirən Cons Huanqın istefasının səbəbləri və davam edən araşdırma ilə bağlı açıqlama verməyəcəklərini qeyd edib. O, bu mövzuda ünvanlanan sualları da cavablandırmayacaqlarını bildirib.
Şirkətin hazırda vitse-prezidenti və maliyyə direktoru (CFO) Kolet Kressin müvəqqəti CEO kimi icra etdiyi vəzifəyə daimi rəhbər axtarışının detalları da açıqlanıb. Cons bildirib ki, yeni CEO vəzifəsinə həm şirkətdaxili, həm də kənar namizədlər nəzərdən keçiriləcək.
Direktorlar Şurasının sədri inkişaf etmiş çip texnologiyaları və milli təhlükəsizlik sahəsindəki dəyişikliklərin sektora ciddi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, yeni CEO bu həssas prosesləri son dərəcə diqqətlə idarə etməlidir.
Cons daimi CEO təyinatının mümkün qədər tez başa çatdırılmasını istədiklərini, lakin uyğun namizəd tapılmadan qərar verməyə tələsməyəcəklərini bildirib.
İnvestorların və maliyyə bazarlarının diqqətlə izlədiyi telekonfrans Censen Huanqın nikahdankənar münasibətləri, o cümlədən Çin adına casusluq etməkdə şübhəli bilinən qadınla yaxınlığı barədə xəbərlərdən sonra keçirilib.
“Nvidia”nın Direktorlar Şurası noyabrın 8-də Huanqın Pekin rəhbərliyinə məlumat ötürdüyü iddia edilən çinli iş qadını Alis Huanqla yaxın münasibətlərinin olması və xarici kəşfiyyat fəaliyyətinin hədəfinə çevrilməsi ilə bağlı xəbərlərdən sonra müstəqil araşdırmaya başlayıb.
Prosesin davamında, noyabrın 12-də şirkətin davranış qaydalarına, standartlarına və korporativ mədəniyyətinə uyğun gəlmədiyi bildirilən şəxsi davranışları ilə bağlı məlumatların ortaya çıxmasından sonra Huanqın şirkətin prezidenti, CEO-su və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minməklə öz istəyi ilə ayrıldığı açıqlanıb.
İstefasından sonra ilk dəfə danışan Huanq isə Direktorlar Şurasının onun geri qayıtmasının səhmdarların, əməkdaşların, şirkətin və ABŞ-ın maraqlarına uyğun olduğuna qərar verəcəyi təqdirdə CEO vəzifəsinə dönməyə hazır olduğunu söyləyib.
Digər tərəfdən, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın da aralarında olduğu bir sıra texnologiya sektorunun nümayəndələri Huanqın vəzifəsinə qaytarılmasını tələb edən müraciətə imza atıblar. “Jensenlə həmrəylik” (“Stand with Jensen”) adı ilə yaradılan internet saytında yerləşdirilən petisiyaya bu günə olan məlumata görə, 190 mindən çox insan dəstək verib.
Mələk Onur