Çin Rusiyanın hərbi texnologiyalarına ehtiyac duymadan silah istehsalını inkişaf etdirə bilər


Çin artıq Rusiya istehsalı olan çoxsaylı hərbi texnikaya və silah sistemlərinə malikdir, buna görə də Moskva ilə birgə silah istehsalı və layihələndirilməsində maraqlı olub-olmadığı sual doğurur.
KİV-lər 2023-cü ildə dərc etdiyi məqalələrdən birində Çin ordusunun əsas zərbə helikopteri olan WZ-10-un Rusiyanın Ka-52 helikopterini hazırlayan mütəxəssislər tərəfindən layihələndirildiyini yazmışdı. Rusiyada həmin layihə “Layihə 941” adlandırılırdı.
Mövzu Rusiya təbliğat mediasının Çin və Rusiyanın birgə silah istehsalı və hətta birgə silah layihələndirilməsi imkanlarını nəzərdən keçirdiyinə dair məlumatları fonunda yenidən gündəmə gəlib. Lakin belə əməkdaşlığın Çin üçün hansı üstünlüklər yaradacağı tam aydın deyil.
Çin silahlarının böyük hissəsi bu və ya digər formada sovet və ya Rusiya istehsalı olan texnikanın surəti, yaxud həmin nümunələrin inkişaf etdirilmiş variantıdır.
Buna nümunə kimi J-10 və YJ-18 qanadlı raketlərini göstərmək olar. Bu raketlər müvafiq olaraq X-55 və ya RK-55 “Relief”, eləcə də “Kalibr” raketlərinin surətləri hesab olunur.
Çin Xalq Azadlıq Ordusu son 30 il ərzində Rusiyadan birbaşa satın alınmış çoxsaylı texnika və silahlardan istifadə etməyə davam edir. Buna nümunə kimi 24 ədəd “Tor-M1” zenit-raket kompleksi, müxtəlif modifikasiyalı S-300 sistemlərinin təxminən 220 buraxılış qurğusu və 32 ədəd S-400 buraxılış qurğusu göstərilir.
Aviasiya texnikası sahəsində də Çin Rusiyadan xeyli sayda sistem əldə edib. Çin silahlı qüvvələrinin müxtəlif qoşun növlərində Mi-17 ailəsinə məxsus 228 helikopter, müxtəlif modifikasiyalı 100-dək Su-30 qırıcısı, 24 ədəd Su-35, müxtəlif modifikasiyalı təxminən 30 Su-27 və 20 ədəd İl-76MD hərbi-nəqliyyat təyyarəsi mövcuddur.
Bütün bunlara əlavə olaraq, Çin qırıcı aviasiyasının əsasını onsuz da Su-27 və Su-30 qırıcılarının surətləri hesab edilən təxminən 650 ədəd J-11 və J-16 təyyarəsi təşkil edir.
Çin Hərbi Dəniz Qüvvələrinin donanmasında da Rusiya istehsalı olan texnika qalmaqdadır. Belə ki, donanmada “Varşavyanka” layihəsinin 636 və 636M tipli 10 dizel-elektrik sualtı qayığı mövcuddur. Bu sualtı qayıqlar “Kalibr” raketlərini buraxa bilir.
Bundan başqa, Çin donanmasında 956 “Sovremennıy” layihəsinə aid dörd esmines də xidmət göstərir. Onlardan biri modernləşdirilərkən Rusiya istehsalı olan bütün sistemlər çıxarılıb. Nəticədə hazırda Çin bu tip esmineslərə Rusiya Hərbi Dəniz Donanmasından daha çox sahibdir.
Bununla yanaşı, açıq mənbələrdə Çinin Rusiyadan 36 ədəd gəmi əsaslı Ka-52K “Katran” və 48 ədəd quru bazalı Ka-52 helikopteri, 20 ədəd İl-78MK-90A təyyarəsi, eləcə də BMD-4 və “Sprut” yüngül tanklarından ibarət bir tabor dəsti sifariş edə biləcəyi barədə məlumatlar yer alıb.
Digər tərəfdən, Çin ixracatının Rusiyaya 9M273 “İsgəndər” raketlərinin istehsalını üç dəfə artırmağa kömək etdiyi barədə məlumatlar da mövcuddur. Bu, Çinin Rusiyaya göstərdiyi dəstəyin yeganə nümunəsi deyil.
Bütün bunlar fonunda Çinin Rusiya ilə birgə silah istehsalı və layihələndirilməsini təşkil etməsinin hansı üstünlüklər yaradacağı aydın deyil. Çünki Pekin Moskvadan ehtiyac duyduğu texnikanın böyük hissəsini onsuz da əldə edir və bunun müqabilində Rusiyaya mühüm resurslarla dəstək göstərir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə