Cənubi Koreya müdafiə startapının Ukraynadakı fəaliyyətini dayandırması barədə məlumat təkzib edilib


Cənubi Koreyanın “Newtype” müdafiə startapı Ukraynadakı fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatları təkzib edərək, əməkdaşlığın və sınaqların əvvəlki qaydada davam etdiyini bildirib.
Ordu.az xəbər verir ki, bu barədə UNIAN nəşri məlumat yayıb.
Bir müddət əvvəl “The Diplomat” nəşri “Newtype” şirkətinin baş direktorunun Ukraynalı tərəfdaşlarla əməkdaşlığı barədə fikirlərinin yer aldığı iddia edilən məqalə dərc edib.
Nəşrin yazdığına görə, məqalənin müəllifi özünü Cənubi Koreyadan olan müstəqil jurnalist kimi təqdim edib və “Newtype” şirkətinin rəhbəri ilə müsahibə aldığını iddia edib. Lakin sonradan jurnalistin həmin müsahibəni saxtalaşdırdığı məlum olub. Üstəlik, onun özünü təqdim etdiyi şəxs olub-olmadığına dair də şübhələr yaranıb.
“Jurnalist”lə “The Diplomat” redaksiyası arasındakı yazışmaların əlavə təhlili elektron məktubların böyük ehtimalla Rusiyadan göndərildiyini üzə çıxarıb. Bu isə həmin məqalənin dezinformasiya əməliyyatının bir hissəsi olması ehtimalını gücləndirib.
“Newtype” Ukraynada birbaşa fəaliyyət göstərən ilk Cənubi Koreya müdafiə startapıdır. “The Diplomat” saxta müsahibə, şirkətin Ukraynadakı fəaliyyəti və Avropada müdafiə əməkdaşlığının perspektivlərini müzakirə etmək üçün “Newtype” şirkətinin baş direktoru Sonvon “Co” Ço ilə əlaqə saxlayıb.
Ço bildirib: “Ukraynadakı fəaliyyətimiz planlaşdırıldığı kimi davam edir. Diplomatik fikir ayrılıqları səbəbindən fəaliyyətimizin dayandırıldığı barədə iddia həmin saxta məqalədə yer alan tamamilə uydurma məlumatdır. Əslində, rəqiblərimiz Ukrayna ilə Cənubi Koreya arasındakı diplomatik gərginlikdən istifadə edərək ölkələrimiz arasında münasibətlərə nifaq salmağa çalışırlar”.
Onun sözlərinə görə, Ukrayna ilə əməkdaşlıq heç vaxt dayandırılmayıb və sınaqlar da heç vaxt fasiləyə uğramayıb.
“Adıma yazılan sitat uydurmadır. Mən həmin müəllifə müsahibə verməmişəm və heç vaxt bu sözləri deməmişəm. Ukraynadakı fəaliyyətimizin təfərrüatlarını açıqlaya bilmərəm, yalnız onu deyə bilərəm ki, işimiz davam edir. Biz tərəfdaşımız olan “Reaktion Group” şirkəti ilə sıx əməkdaşlıq edirik. Onların komandası Kiyevdə yerləşir, əməkdaşları isə mütəmadi olaraq cəbhə xəttinə səfər edirlər. Ukraynanın təcrübəsindən yararlanmaq bizim üçün vacibdir və bu ölkəyə dəstək göstərmək bizim üçün böyük şərəfdir”, - deyə Ço vurğulayıb.
Şirkətin baş direktoru hesab edir ki, Rusiya və Şimali Koreya Ukrayna ilə Cənubi Koreya arasındakı diplomatik fikir ayrılıqlarından istifadə etməyə çalışırlar.
Sevinc Əliyeva Ordu.az
