C-130 təyyarəsinə hücuma görə 10 il həbs cəzası tələb olunur


İrlandiyanın Şennon hava limanında park edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130H təyyarəsinə hücum edən Deyti O’Korrayn barəsində 10 il həbs cəzası tələb edilib.
Ordu.az xəbər verir ki, hadisə ötən ilin aprelində baş verib.
Hücum nəticəsində təyyarə istifadəyə yararsız vəziyyətə düşüb, hadisə yerindən qaçmağa çalışan şəxs isə saxlanılıb.
Deyti O’Korrayn təxminən bir ay həbsdə qaldıqdan sonra girov müqabilində azadlığa buraxılıb. İrlandiyada da oxşar ittihamlarla mühakimə olunması onun ABŞ-yə ekstradisiya prosesini çətinləşdirir.
Bildirilib ki, ABŞ federal qanunlarına əsasən, dövlət əmlakına zərər vurma cinayəti 10 ilədək həbs cəzası nəzərdə tutur.
Federal Təhqiqatlar Bürosunun Nyu-York Birgə Terrorla Mübarizə İşçi Qrupu və Missuri Hava Milli Qvardiyasının dəstəyi ilə aparılan araşdırmada İrlandiya hakimiyyətinin də ABŞ rəsmiləri ilə əməkdaşlıq etdiyi açıqlanıb.
İrlandiyada başladılan məhkəmə prosesi və oxşar cinayət üzrə ittihamın irəli sürülməsi ABŞ-yə ekstradisiya prosesini çətinləşdirir. Federal qanunlara əsasən, dövlət əmlakına zərər vurma cinayətinə görə 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Federal ittiham aktına görə, hadisə qəfil vandalizm deyil, aylarla davam edən diqqətli hazırlığın nəticəsi olub. Rəsmilər şübhəlinin əməliyyatı bir neçə mərhələdə həyata keçirdiyini bildiriblər.
İlkin hazırlıq zamanı O’Korraynın uçuş izləmə tətbiqləri və xəritə proqramları vasitəsilə ABŞ hərbi təyyarələrinin hərəkətini izlədiyi, Şennon hava limanının perimetr təhlükəsizliyini araşdıraraq daxil olacağı yeri əvvəlcədən müəyyənləşdirdiyi aşkarlanıb.
Təyyarə Kanzas ştatındakı Rouzekrans Hava Milli Qvardiya bazasından gələrək hava limanında gecələdiyi zaman şübhəli ətraf hasarı aşaraq təyyarəyə yaxınlaşıb. Arxa heyət qapısının kilidini sındıraraq içəri daxil olan şəxs özü ilə gətirdiyi alətlərlə içəridə barrikada qurub.
Daha sonra o, pilot kabinəsindəki bütün göstəriciləri sındırıb, naqil dəstlərini və hidravlik xətləri kəsib. Bundan başqa, alüminium gövdə ilə təmasda olduqda sürətlə korroziyaya səbəb olaraq metalın möhkəmliyini aradan qaldıran qallium elementini də özü ilə gətirib.
ABŞ Hərbi Hava Qüvvələrinin heyəti pilot kabinəsinin pəncərəsindən şübhəlini görərək təhlükəsizlik qüvvələrinə xəbər verib. Bundan sonra O’Korrayn təyyarənin gövdəsindəki qəza çıxışından qaçmağa çalışıb. Bu zaman o, balta ilə təyyarənin gövdəsinə zərbələr endirərək əlavə zərər vurub və yanacaq çənlərinə kürəcikli podşipniklər töküb.
Hadisə nəticəsində on milyonlarla dollar məbləğində maddi zərər dəyib. “Effektiv şəkildə məhv edildiyi” bildirilən 91-1653 quyruq nömrəli C-130H təyyarəsi sonradan sökülərək saxlanma və daşınma üçün hazırlanıb.
Sevinc Əliyeva Ordu.az