C-130 qəzasından sonra istehsalçı “Lockheed Martin”dən detalların araşdırılması tələb olunub


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 2027-ci il büdcəsi ilə bağlı parlamentin Plan və Büdcə Komissiyasında sualları cavablandırarkən C-130 qəzası üzrə hesabatın yekun mərhələdə olduğunu bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yaşar Gülər 2025-ci il noyabrın 11-də baş verən və 20 hərbçinin həlak olduğu C-130 qəzası ilə bağlı hesabatın hazırlanmasının son mərhələyə çatdığını diqqətə çatdırıb.
Nazir hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı suala belə cavab verib:
“C-130 qəzası ilə bağlı təhlillərin və nəticələrin qiymətləndirilməsi üzrə işlərimiz son mərhələyə çatıb. Bu mərhələdə təyyarənin əsas istehsalçısı “Lockheed Martin” tərəfindən araşdırılması tələb olunan əlavə detallar gündəmə gəlib. C-130 təyyarələri dünyanın bir çox ölkəsində geniş şəkildə istifadə olunmağa davam edir”.
Azərbaycanın Zəfər Günü tədbirlərindən qayıdan texniki heyəti daşıyan dörd mühərrikli C-130E nəqliyyat təyyarəsi Gəncədən havaya qalxıb. Gürcüstanın hava məkanında uçuş hündürlüyündə olarkən təyyarənin quyruq hissəsi, gövdəsi və qanadları bir-birindən ayrılıb və nəticədə təyyarə qəzaya uğrayıb.
Türkiyə Müdafiə Nazirliyi 2026-cı il aprelin 9-da hazırlanmış ilkin hesabat əsasında “Ehtimal olunan səbəblər” başlığı altında bir məqama diqqət çəkib.
Hesabatda bildirilir ki, qanadın üzərində yerləşən və suya eniş zamanı istifadə edilən şişmə qayıq sistemlərindən biri yanmayan və partlayıcı olmayan CO2 qazı ilə doldurulmuş balonu ilə birlikdə yuvasından çıxaraq təyyarənin sol quyruq-gövdə hissəsinə toxunmuş ola bilər.
Daha sonra həmin şişmə qayığın təyyarənin şaquli stabilizatoruna ilişməsi ehtimalı da qiymətləndirilib. Qaz balonunun zərbəsi nəticəsində gövdəyə, şaquli və üfüqi stabilizatorlara struktur zərərin dəymiş ola biləcəyi və bunun təyyarənin qəzaya uğramasına səbəb ola biləcəyi bildirilir.
Bu ehtimallarla bağlı metalşünaslıq və texniki araşdırmalar laboratoriyalarda davam etdirilir.
Qəza hesabatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin mütəxəssisləri C-130 təyyarələrinin istehsalçısı “Lockheed Martin” şirkəti ilə əlaqə saxlayıblar.
Nazir Yaşar Gülərin də qeyd etdiyi kimi, bu mərhələdə təyyarənin əsas istehsalçısı “Lockheed Martin” tərəfindən araşdırılması tələb olunan əlavə detallar gündəmə gəlib.
İstehsalçının araşdırmalarından sonra qəzanın ehtimal olunan səbəbi kimi qiymətləndirilən və nəzarətsiz şəkildə açılan şişmə qayıq sistemi ilə bağlı yeni konstruksiya hazırlanması gözlənilir.
Qəzadan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan bütün C-130 təyyarələrinin uçuşları dayandırılmışdı. Modifikasiya işləri başa çatdıqdan sonra donanmanın gələcək fəaliyyəti ilə bağlı qərar qəbul edilməsi gözlənilir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
