“Bushmaster” topu real atış sınağında bir neçə PUA-nı məhv edib


“Northrop Grumman” şirkətinin “Bushmaster” topu M-ACE sistemi ilə birlikdə keçirilən real atış sınağında bir neçə PUA-nı zərərsizləşdirib.
Ordu.az xəbər verir ki, bu barədə “Northrop Grumman” şirkətinin açıqlamasında bildirilib.
“Northrop Grumman” şirkətinin “Bushmaster” zəncir ötürücülü topu real atış sınağı zamanı bir neçə PUA-nı zərərsizləşdirib. M-ACE sistemi hədəflər barədə məlumatları M230LF 30×113 millimetrlik topa ötürüb. Atış zamanı XM1211 yaxınlıq partlayıcısı ilə təchiz edilmiş döyüş sursatından istifadə olunub.
Sınaq “Bushmaster” zəncir ötürücülü toplarını, qabaqcıl döyüş sursatlarını və M-ACE sistemini birləşdirən mobil, qısa mənzilli PUA-lara qarşı mübarizə həllini qiymətləndirmək məqsədilə keçirilib. Bununla, həmçinin PUA təhdidlərinə qarşı müdafiə vasitələrinə artan qlobal tələbatı qarşılaya biləcək genişləndirilə bilən imkanlar nümayiş etdirilib.
Sınaq real əməliyyat şəraitinə uyğun mühitdə həyata keçirilib. M-ACE sistemi hava təhdidlərini aşkarlayıb, müəyyənləşdirib və izləyib. Daha sonra sistemin müəyyən etdiyi dəqiq hədəf mövqeyi barədə məlumatlar yaxınlıqda yerləşən “Bushmaster” topuna ötürülüb.
Bundan sonra M230LF 30×113 millimetrlik topundan XM1211 yaxınlıq partlayıcısı ilə təchiz edilmiş qabaqcıl döyüş sursatları atılıb və nəticədə bir neçə PUA zərərsizləşdirilib.
“Northrop Grumman” şirkətinin Silah Sistemləri üzrə vitse-prezidenti Deyv Fayn bildirib ki, sınaq zamanı öz effektivliyini sübut etmiş imkanları birləşdirərək hərbi qulluqçuların hazırda istifadə edə biləcəyi səmərəli və genişləndirilə bilən PUA-lara qarşı mübarizə həlli nümayiş etdirilib.
Onun sözlərinə görə, bu yanaşma hərəkət zamanı PUA-ların sürətlə aşkarlanmasına və zərərsizləşdirilməsinə imkan verir. Fayn sistemin inkişaf edən təhdidlərə qarşı tələb olunan çevik reaksiya və hərəkət imkanlarını təmin etdiyini vurğulayıb.
“Northrop Grumman” və ABŞ ordusu “Bushmaster” zəncir ötürücülü toplarına və qabaqcıl döyüş sursatlarına artan qlobal tələbatı qarşılamaq üçün istehsal gücünün artırılması və tədarük müddətlərinin azaldılması istiqamətində investisiyalarını davam etdirir.
Bu məqsədlə avadanlıqlara, istehsal müəssisələrinə və istehsal vasitələrinə investisiya qoyulur. Avtomatlaşdırılmış istehsal və sınaq prosesləri vasitəsilə istehsalın sürətləndirilməsi, keyfiyyətin yüksəldilməsi və səmərəliliyin artırılması hədəflənir.
“Bushmaster” zəncir ötürücülü topları və qabaqcıl döyüş sursatları “Northrop Grumman” şirkətinin PUA-lara qarşı mübarizə və hava hücumundan müdafiə imkanlarını birləşdirən “Raid Defense Solutions” həllər ailəsinin əsas komponentləri arasındadır.
“Raid Defense Solutions” koordinasiyalı PUA sürüləri də daxil olmaqla, getdikcə mürəkkəbləşən və intensivləşən hava təhdidlərinə qarşı mühüm obyektlərin qorunması üçün hazırlanmış çoxqatlı kinetik müdafiə həllərini əhatə edir.
Bu həllər ailəsində süni zəka dəstəkli komanda-idarəetmə sistemləri, sensor məlumatlarının birləşdirilməsi və yüksək atəş gücü bir araya gətirilir. Məqsəd təhdidlərin daha sürətli aşkarlanması, qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi və müxtəlif əməliyyat ssenarilərində əlaqələndirilmiş atəş imkanlarının artırılmasıdır.
Sevinc Əliyeva Ordu.az
