"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?"

"Bu yaxınlarda dişimdə yaranmış problemlə əlaqədar Bakıxanov qəsəbəsində yerləşən "Sağlam Diş" Müasir Diş Stomatoloji Mərkəzinə müraciət etdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azər Qurbanov adlı sosial şəbəkə istifadəçisi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Qəbul zamanı artıq sığortalı xəstə olduğum onlara məlum idi. Həkim dişimi müayinə etdikdən sonra kökündə iltihab yarandığını əsas gətirərək müalicə etmək əvəzinə, çəkilməsini məsləhət gördü. Bir qədər tərəddüd etsəm də, həkimin tövsiyəsi ilə razılaşdım və dişim çəkildi.
Prosedur başa çatdıqdan sonra həkimə təşəkkür edib sağollaşarkən onun «Ödənişi aşağıda, qəbul şöbəsində edərsiniz» deməsi məndə təəccüb doğurdu. Axı mən sığortalı xəstə idim. Düşündüm ki, yəqin məni başqa xəstə ilə səhv salıblar.
Lakin qəbul şöbəsinə yaxınlaşanda ödəniş etməli olduğum bildirildi. Sığortalı olduğumu, dişimdə heç bir estetik müdaxilə aparılmadığını, sadəcə çəkildiyini izah etdim. Buna baxmayaraq, əməkdaş öz mövqeyində qalaraq ödəniş tələb etdi.
Məni təəccübləndirən əsas məsələ isə başqa idi: əgər bu klinikada diş çəkilməsi sığorta təminatına daxil olmayan ödənişli xidmətdirsə, bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər? Xəstə xidmət almamışdan əvvəl onun hansı şərtlərlə göstəriləcəyini bilməli deyilmi?
Yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün institutumuzun əməkdaşlarının sığorta xidmətləri ilə əlaqələrini təşkil və nəzarət edən Ənvər Abdullaya müraciət etməli oldum. Onun məsələyə ciddi yanaşması və müdaxiləsi nəticəsində bir müddət sonra qəbul şöbəsinin əməkdaşı ödəniş etməyəcəyimi bildirdi və üzrxahlıq etdi.
Əlbəttə, burada Ənvər Abdullanın məsələyə operativ və məsuliyyətli yanaşmasını xüsusi qeyd etmək istərdim.
Ancaq bütün bunlardan sonra bir sual məni düşündürür:
Özəl stomatoloji klinikalar sığortalı xəstələrə niyə bəzən bu cür münasibət göstərirlər? Bu, sığorta qaydalarının düzgün bilinməməsindən irəli gəlir, yoxsa sığortalı xəstəyə qarşı formalaşmış müəyyən münasibətin göstəricisidir?
Məncə, xəstənin sığortalı olması ona qarşı diqqətsiz və ya fərqli münasibət göstərilməsinə əsas verməməlidir. Ən azı, göstərilən xidmətin ödənişli və ya sığorta təminatına daxil olması barədə xəstə əvvəlcədən məlumatlandırılmalıdır.
Sığorta xəstəyə qayğı və rahatlıq yaratmaq üçündür, əlavə narahatlıq yox!.."
