“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov


Azərbaycan milli komandası növbəti matçını keçirib. Millimiz Andorra üzərində inamlı qələbə qazanıb (3:1).
QOL.az fanat.az-a istinadən xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:
- Yoldaşlıq görüşü olsa belə ilk növbədə qalib gəlmək istəyirdik. Bu gün ikinci məqam Eminin millidə son oyunu olması idi. İstəyirdik, Emin yaxşı, parlaq oyunla milli komanda karyerasını bitirsin. Onu yaxşı yola salaq. Sevindirici hal çox oldu. Bu gün gənclərə görə çox sevindim. Milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər. İstədiyimiz oyuna yaxınlaşa bilirik, amma bundan da yaxşı ola bilərik. Bu il bir məğlubiyyətimiz oldu, bu, yaxşı haldır. Millərlər Liqasında qrup mərhələsində bir qol buraxmışdıq, o da penaltidən. Belə götürsək, komanda olaraq bunların üzərində çalışmalıyıq ki, sabah daha üst komandalarla qarşılaşanda buna hazır olaq. Ümumiyyətlə, hər kəsə çox sağ ol dedim. Oyunun axırında Xaybullayev zədələndi, 10 nəfərlə qalma ehtimalımız var idi, çünki əvəzetmə bitmişdi, amma israrla oyuna girmək istədi. Bunlar məni sevindirir, yəni komandafa xarakterli futbolçular daha çoxalıb.
- Baş məşqçi kimi ən çox çətinlik çəkdiyiniz və daha rahat qələbə qazandığınızı düşündüyünüz oyun hansı oldu?
- Ən çətin Lixtenşteynlə iki oyunu idi. Çünki orda psixoloji amil var. Bu oyunlara futbolçuları hazırlamaq daha çətindir. Məsələn, Litva ilə daha məsuliyyətli oluruq. Amma elə komandalarla oyunda həqiqətən çətinlik olur. Bütün oyunlar məsuliyyətlidir. Milli komanda çox məsuliyyət tələb edir. Bura klubdan fərqlidir, amma biz də milli komanda olaraq öz təcrübəmizi artırdıq. Milli komandaya gələndə ən rahat oyun FIFA seriyasında birinci oyunumuz olmuşdu.
- Eşqin Əhmədov bu gün həm debüt etdi, həm də qol vurdu. Ümumi olaraq onun performansını necə dəyərləndirirsiz?
- Eşqinə görə sevinirəm. Eşqin U-21-də də mütəmadi oynayan futbolçudur və əsas odur ki, "Qəbələ"də daim oynayır. Bu gün "Qəbələ"ni təbrik etmək lazımdır ki, yerli gənc futbolçulara şans verirlər. Bu, vacibdir. Çünki bax belə futbolçuları qazanmalıyıq. Biz çoxdandır gileylənirdik ki, sağ cinahda istədiyimiz oyunçular azdır. Amma məncə, artıq rəqabət çoxalır. Eşqin də "mən varam" dedi. İnanıram ki, gələn təlim-məşq toplanışlarında da formasında olacaq və millidə əsas heyət oyunçularından birinə çevriləcək.
- Sabah xalqımız Milli Dirçəliş Günü qeyd edəcək. Bizim milli komanda artıq dirçəlir, yoxsa buna hələ zaman lazımdır?
- Realist olmaq lazımdır. Bu gün özümüzə uyğun rəqiblərlə üst səviyyədə oynaya bilirik. Qəbul edirik ki, qol vəziyyətlərini yaxşı dəyərləndirə bilmirik. Bu gün futbolçular milli formanın dəyərini, məsuliyyətini çox yaxşı hiss edirlər. Hardansa başlamalıydıq. Bizə indi aşağı yox, yuxarı getmək lazımdır, çünki ən aşağı düşmüşdük. İndi isə yavaş-yavaş yuxarı çıxmaq lazımdır.
