Bülbül Fondunun qapalı qapıları arxasında nələr gizlənir?


Azərbaycan mədəniyyətindəki problemlər, ziyalılarla xalq arasında yaranan etimadsızlıq və illərdir cavabsız qalan suallar…
Kamil Şahverdi bu yazısında Bülbül Fondunun yerləşdiyi tarixi binanın və paytaxtdakı bir sıra kitabxanaların taleyini gündəmə gətirərək mədəni irsimizin qorunması ilə bağlı ciddi iddialar və suallar ortaya qoyur.
Gununsesi.info sözügedən yazını təqdim edir:
“Problemlərdən danışmağa çəkinirlər, hər şeyin yaxşı olduğunu deməklə çatışmazlıqları aradan qaldırmaq mümkün deyil”. (c)Polad Bülbüloğlu.
Cənab Polad Bülbüloğlunun məsləhəti ilə problemlər haqqında açıq danışmağa qərar verdim. Həqiqətən də hər şeyin yaxşı olduğunu deməklə problemləri aradan qaldırmaq mümkün deyil. Ona görə də bu problemləri yaradan səbəblərə diqqət edək.
Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül fondunda keçirdiyi Azərbaycan mədəni diplomatiyası haqqında ictimai müzakirə bir neçə gündür gündəmi zəbt edib.
Müzakirədə iştirak edən mədəniyyət xadimlərinin fikirləri geniş rezonans doğurub. İnsanlar kütləvi şəkildə səslənən fikirlərə sosial şəbəkələrdə münasibət bildirir, düşündüklərini qeyd edirlər.
Maraqlıdır, bizim bir çox ziyalılar, mədəniyyət xadimləri niyə bu qədər tənqidə məruz qalırlar? Niyə insanlarımız onların səmimiyyətinə inanmır?…
Milli Məclisin Mədəniyyət komitəsinin son iclası bir daha sübut etdi ki, ziyalılarımız ilə xalq arasında ciddi bir uçurum var. Əslində, həmin iclasda qaldırılan problemlərin ciddiliyinə şübhə yoxdur.
Mədəniyyətimizdəki çox dərin və ağrılı problemləri inkar etmək mümkünsüzdür. Bəs onda niyə insanlarımız bizim tanınmış mədəniyyət xadimlərimizin səsləndirdikləri fikirlərə bu qədər kəskin reaksiya verirlər?
Kimsə deyə bilər ki, sosial şəbəkələrdə söylənən fikirləri ciddiyə almaq lazım deyil.
Və yaxud, bir başqası söyləyə bilər ki, bir qrup qaragüruhçunun tənqidləri reallığı əks etdirmir. Amma belə deyil. Ziyalıların fikirlərinə qarşı olan tənqidlər, etirazlar belə kütləvi hal alıbsa, demək ki, məsələ çox ciddi və düşündürücüdür…
Qeyd olunduğu kimi, Milli Məclisin Mədəniyyət komitəsi son toplantısını Parlament binasında deyil, Bülbül fondunda keçirdi.
Bəlkə də, deyəcəksiniz ki, burada qeyri-adi nə var ki? Əslində, həqiqətən də ilk baxışdan qeyri-adi heç nə yoxdur. Amma bir az dərindən düşünəndə bəzi mətləbləblər üzə çıxır.
Bülbül fondu 1997-ci ildə təsis olunub. Lakin bu günə qədər bu fondun keçirdiyi hansısa bir tədbir haqqında heç bir məlumat əldə etmək mümlün deyil.
Nə fondun ünvanı, nə fəaliyyəti, nə üzvləri haqqında heç vaxt heç bir məlumat verilməyib.
Yalnız Bülbül müsabiqəsi keçiriləndə afişalarda fondun adına təşkilatçılar arasında rast gəlmək mümkündür. Belə isə 30 illik gizliliyə son qoymaqda məqsəd nədir?…
Bülbül fondu Bakı şəhərinin mərkəzində, 28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsində tarixi, memarlı abidəsi kimi qorunan iki mərtəbəli binada yerləşir.
Bu binanın bir hissəsində vaxtı ilə Ənvər Məmmədxanlı adına kütləvi kitabxananın filialı yerləşirdi. Ənvər Məmmədxanlı adına kütləvi kitabxana ölkəmizin ən böyük kitabxanalarından biri idi.
Kitabxana Nizami küçəsi 80/84 ünvanında, filialı isə 28 may küçəsi 32 (o dövrdə 28 aprel) ünvanənda yerləşirdi. Kitabxana fondu 200 mindən artıq idi.
Binanın başqa hissəsində isə 26 Bakı Komissarlarından biri Caparidzenin ev muzeyi yerləşirdi. Bina iki mərtəbəli olsa da, çox böyük və əzəmətlidir.
Müstəqilliyimizin ilk illərində sovet ideologiyasına xidmət edən bir çox ev muzeylər bağlandı. Bu muzeylərin hamısı şəhərin mərkəzində, tarixi binalarda yerləşirdi. Həmin muzeylər olduqca qiymətli eksponatlar, antik mebellərlə zəngin idi.
Şübhəsiz ki, bu muzeylərin bağlanması zamanın tələbi idi. Belə muzeylərin heç bir tarixi-mədəni əhəmiyyəti olmasa da, sovet ideologiyasının təbliğatı üçün vacib sayılırdı.
Ona görə də belə muzeylərə sovet hakimiyyəti ciddi önəm verir və onları qiymətli eksponatlarla təchiz edirdi. Bakıda xeyli sayda belə ev muzeyləri var idi və bu muzeylər şəhərin ən mərkəzi hissəsində, tarixi binalarda yerləşirdi.
Kirovun ev muzeyi Xaqani 18-də, Əzizbəyov ev muzeyi P. Montin küçəsi 105-də (Əlövsət Quliyev küçəsi), Caparidze ev muzeyi 28 Aprel 32 (28 May), Fioletov ev muzeyi 28 Aprel 4 (28 May), Dövlət ateizm muzeyi Menjinski 9 (Həqiqət Rzayeva) və başqa muzeyləri misal çəkmək olar.
1990-cı illərin əvvəllərində ölkəmizdə olduqca gərgin siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən qonşularımızın torpaq iddiası və sovet qoşunlarının dəstəyi ilə düşmənlərimizin bizə qarşı apardığı müharibə, öz dədə-baba torpaqlarından zorla qovulmuş soydaşlarımızdan ibarət 100 minlərlə qaçqın ordusu və onların problemləri, Respublika rəhbərliyinin səriştəsizliyi və ölkə daxilindəki siyasi çəkişmələr, ağır, dözülməz iqtisadi sosial vəziyyət və müstəqillik uğrunda milli mübarizə fonunda hansısa inqilabçının ev muzeyi kiminsə yadına düşmürdü.
Əlbəttə ki, o dövrdə mədəniyyət naziri olan Polad Bülbüloğlundan başqa. Belə qarışıq vəziyyətdən məharətlə istifadə edən mədəniyyət naziri həmin muzeyləri ləğv edib nazirliyin balansından sildi, içindəki qiymətli eksponatları və antik mebelləri rahatlıqla satdı, mənzilləri isə özünün və yaxın qohumlarının adına keçirtdi.
Bundan sonra cənab nazir ölkə ərazisində yerləşən minlərlə kitabxanalara qənim kəsildi. Bu kitabxanaların ümumi siyahısı dərc olunarsa, bir neçə cild kitab alınar. Mən Bakı şəhərində fəaliyyət göstərən və Polad Bülbüloğlu tərəfindən zəbt edilərək satılan bəzi kitabxanaları qeyd etməklə fikrimi əsaslandırmaq istəyirəm.
Ənvər Məmmədxanlı adına Kütləvi Kitabxananın filialı, 28 May küçəsi 32 (28 Aprel), 1993-cü ildə ləğv edildi və binası Polad Bülbüloğlu tərəfindən mənimsənildi.
Ənvər Məmmədxanll adına kütləvi kitabxana, Nizami küçəsi 80/84, (kitab fondu 200 mindən artıq), 2004-cü ildə bir hissəsi satıldı, 2006-cı ildə kitabxana ləğv edildi və yerləşdiyi məkqn mənimsənilərək satıldı.
Bayıl qəsəbə kitabxanası (20-ci sahə), 1999-cu ildə kitabxana ləğv edildi və ərazisi satıldı.
Qaydar adına Uşaq kitabxanası, 1996-cı ildə qeyri-qanuni fəaliyyəti dayandırıldı və ərazisi satıldı.
A.Şaiq adına Uşaq kitabxanası, Təbriz küçəsi, ( kitab fondu 50 mindən artıq), 1999-cu ildə qeyri-qanuni bağlandı və ərazisi satıldı.
Abbas Səhhət adına Uşaq kitabxanası (3-cü mikrorayon), 2004-cü ildə ləğv edildi. Bu kitabxananın iki mərtəbəli öz binası var idi. Bina qarışıq ərazisi satıldı.
Bakı şəhəri Kütləvi kitabxana, Bülbül prospekti (Dəri-Zöhrəvi Dispanserin yanında), 2004-cü ildə ləğv edildi və yerləşdiyi məkanda kommersiya obyekti açıldı.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Nəriman Nərimanov pr. 203 (Sovet küçəsi), 1996-2000-ci illərdə ktabxananın böyük hissəsi (80%-i) kommersiya şirkətlərinə satıldı. (Kitabxananın böyük hissəsi avtosalona və bir neçə başqa obyektlərə satıldı).
M. Ş. Vazeh adına Mərkəzi Kitabxana, Zərdabi küçəsi 68, 9 mərtəbəli binanın 1-ci mərtəbəsi (kitab fondu 250 mindən artıq), 1995-1997-ci illərdə kitabxananın yerləşdiyi məkan 5 hissəyə bölünərək satıldı. Hal-hazırda həmin məkanda 5 obyekt fəaliyyət göstərir və kitabxana məkanən 5/1 hissəsinə sığınıb.
V. Korolenko adına Gənclər Kitabxanası, Gəraybəyli küçəsi 71, 1995-ci ildə kitabxananın yarıdan çox hissəsi kommersiya şirkətinə satıldı.
Xətai adına Kütləvi Kitabxana, M. Hadi küçəsi 63 (kitab fondu 70 mindən artıq), 2000-ci illərin əvvəlində ləğv edildi və yerləşdiyi məkan satıldı.
Ləğv edilən, bağlanan, ərazisi və yerləşdiyi məkanı satılan kitabxanaların tam siyahısını sonsuza qədər davam etdirmək olar. Mən yalnız Bakı şəhərində ləğv edilmiş bir neçə kitabxananı nümunə kimi qeyd etdim. Bura vaxtı ilə ölkə ərazisində olan və Polad Bülbüloğlu tərəfindən mənimsənilərək satılan çox saylı mədəniyyət evlərini, klubları, kinoteatrları, sərgi salonlarını və s. əlavə etsək, təsəvvür edin, nə boyda siyahı alınacaq.
Hələ ki, bununla kifayətlənirəm. Çünki yazının bu hissəsində məqsədim Bülbül fondu ilə bağlı gizli saxlanılan məlumatlara aydınlıq gətirməkdir.
Fikir verdinizsə, Bakı şəhərinin mərkəzində, 28 May küçəsi və Azadlıq prospektinin kəsişməsində yerləşən iki mərtəbəli tarixi binada vaxtı ilə Ə. Məmmədxanlı adına Kütləvi Kitaxananın filialı və Caparidzenin ev muzeyi yerləşirdi. İndi bu möhtəşəm tarixi binanın ikinci mərtəbəsində Büıbül fondu (2000 kv.m yaxın), birinci mərtəbəsində isə “Music Gallery” mağazası yerləşir.
Dövlətə məxsus olan bu əmlakı Polad Bülbüloğlu ata malı kimi mənimsəyib adına keçirdib. Ona görə də mənimsədiyi həmin ünvanda yerləşən Bülbül fondu haqqında bu günə qədər heç yerdə heç bir məlumat verilmirdi ki, kimsə duyuq düşməsin. Yeri gəlmişkən, “Music Gallery” mağazalar şəbəkəsinin də kimə məxsus olması çox maraqlıdır…
Milli Məclis rəhbərliyi Mədəniyyət komitəsinin korrupsiya yolu ilə mənimsənilmiş bir məkanda toplanmasına, məncə, icazə verməməlidir.
Qeyd: Yazının ardı var. Yazının davamında Mədəniyyət komitəsinin Bülbül fondunda toplanmasına aydınlıq gətiriləcək.
Müəllif: Kamil Şahverdi
Gununsesi.info
Dərc vaxtına görə
Günün Səsioxuduğunuz
Bülbül Fondunun qapalı qapıları arxasında nələr gizlənir?