Seda Sayan bacısının ilk evliliyindən danışdı


Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan ailəsində illər əvvəl yaşanan xəyanət hadisəsi ilə bağlı gözlənilməz etiraf edib.
Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Seda Sayan qatıldığı televiziya proqramında bacısının ilk evliliyində yaşadığı problemlərdən söz açıb.
Müğənni bildirib ki, bacısının həyat yoldaşı ona uzun illər xəyanət edib. Lakin bacısı ərinə o qədər güvənirmiş ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, deyilənlərə inanmayıb.
“Məsələn, bacım illərlə aldadılıb. Mən ona deyirdim ki, ərin sənə xəyanət edir. O isə “Yox” deyirdi. İllərlə buna inanmaq istəmədi. Ərindən belə bir hərəkət gözləmirdi”, – Seda Sayan bildirib.
Sənətçi sonda bacısını inandırmaq üçün gözlənilməz addım atdığını etiraf edib.
“Axırda bir gün həmin qadını tapdım, boynunun arxasından tutub evə gətirdim. Bəli, elə bu cür tutub gətirdim. Bacımın qarşısında oturtdum və dedim ki, bax, ərin sənə bu qadınla xəyanət edir”, – müğənni danışıb.
Seda Sayan bacısının ərinin bayramlarda, Yeni il gecələrində və digər əlamətdar günlərdə evdə olmamasının da onda şübhə yaratdığını bildirib.
“Ona deyirdim ki, heç bir bayramda yanında deyil, Yeni ildə yoxdur, mühüm günlərdə ortalıqda görünmür. Bu adam haradadır? Amma bacım yenə də “Yox, o elə şey etməz, yaxşı adamdır” deyirdi”, – sənətçi qeyd edib.
Ən təəccüblüsü isə bacısının həmin qadınla üz-üzə gəldikdən sonra belə ərini müdafiə etməsi olub.
“Qadını gətirdiyim halda yenə inanmadı. Allah bacımın ilk ərinə rəhmət eləsin. Bacım yenə deyirdi ki, yox, onların arasında heç nə yoxdur. Axırda pis vəziyyətdə qalan yenə mən oldum. İnanmaq istəməyən insana heç nəyi sübut etmək olmur”, – Seda Sayan bildirib.