Bu şəxslərin həyat yoldaşlarına 400 manat müavinət verilə bilər


18 Noyabr 2026
Hərbi qulluqçuların yeni xidmət yerinə köçməsi səbəbindən iş tapa bilməyən həyat yoldaşlarına minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.
Veten.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi nəzərdə tutulur.
Dəyişikliklər sözügedən qanunun 21-ci maddəsini əhatə edir.
Bununla yanaşı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114 və 135-ci maddələrinə uşağa qulluqla bağlı dəyişikliklər təklif olunur.
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinə də dəyişikliklər nəzərdə tutulur.
Arzu Nağıyev bildirib ki, təklif olunan yeniliklər hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, xidmət şəraiti ilə əlaqədar yaranan məşğulluq problemlərinin yumşaldılmasına və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsinə yönəlib.
Dərc vaxtına görə
