"Bu sanitar-gigiyenik tələblərin ciddi şəkildə pozulmasıdır və tez-tez yoxlanılmalıdır"


Hovuzlarda dezinfeksiya məqsədilə istifadə olunan xlorun insan sağlamlığına mümkün mənfi təsirləri ilə bağlı müxtəlif fikirlər səslənir. Bildirilir ki, xlorun normadan artıq olması tənəffüs yollarının qıcıqlanmasına, gözlərdə yanma və dəridə problemlərə səbəb ola bilər. Xüsusilə uşaqların və mütəmadi olaraq hovuza gedən şəxslərin bu baxımdan diqqətli olması tövsiyə edilir.
Hovuzlarda istifadə olunan xlorun miqdarının normadan artıq olması insan sağlamlığı üçün hansı təhlükələr yaradır? Vətəndaşlar hovuzun sanitar vəziyyətini və suyun təhlükəsizliyini necə müəyyən edə bilərlər?
Demokrat.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bütün ictimai yerlərdə yerləşən üzgüçülük hovuzları, o cümlədən fərdi evlərdəki hovuzlar da mütəmadi olaraq yoxlanılmalıdır:
"Yoxlamalar zamanı suda koli-titr və koli-indeks göstəriciləri müəyyən edilir. Bu göstəricilər suda bağırsaq çöplərinin olub-olmamasını müəyyənləşdirməyə xidmət edir. Əldə olunan nəticələr əsasında həmin suyun istifadəyə yararlı olub-olmaması barədə qərar verilir. Suyun təmizlənməsi və gigiyenik tələblərə cavab verməsi üçün xlorlamadan istifadə olunur. Lakin xlorun da müəyyən toksiki və allergik təsirləri var. Xüsusilə də normadan artıq istifadə edildikdə bu təsirlər daha qabarıq özünü göstərir. Amma nəzərə almaq lazımdır ki, xlor istifadə edilmədikdə üzgüçülük hovuzlarına insanların ifraz etdiyi müxtəlif bioloji mayelər, o cümlədən sidik, bəlğəm və öskürək zamanı yayılan ifrazatlar vasitəsilə mikroorqanizmlər düşə bilər. Nəticədə hovuzdan istifadə edən insanlar arasında müxtəlif infeksiyaların yayılması riski yaranır".
Professor vurğulayıb ki, hovuzların xlorlanması vacibdir:
"Xlorlamanın mümkün əks-təsirlərinin yaratdığı risk infeksiyaya yoluxma riskindən xeyli aşağıdır. Hesab edirəm ki, hələlik xlorlama alternativsiz üsul olaraq qalır. Xüsusilə də gün ərzində yüzlərlə insanın istifadə etdiyi ictimai hovuzlarda bu, çox vacibdir. Bu, dünyanın hər yerində tətbiq olunan ümumi sanitariya-gigiyena tələbidir. Bununla yanaşı, suyun vaxtında dəyişdirilməsi və hovuzun su həcminə uyğun miqdarda xlor əlavə edilməsi də olduqca vacibdir. Xlorun normadan artıq istifadə olunması və suyun uzun müddət dəyişdirilmədən saxlanılması yolverilməzdir. Bəli, bunlar sanitar-gigiyenik tələblərin ciddi şəkildə pozulmasıdır və müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanılmalıdır".
1 mənbə
