Bu ölkədə juranlist 23 ildən sonra ilk dəfə QƏTLƏ YETİRİLİB


Jurnalist və yazıçı Kamilo Rodrigez bazar ertəsi günü Kosta Rikanın Santo Dominqo de Heredia kantonunda silahlı hücum nəticəsində öldürülüb. Prezident Laura Fernandes hadisənin 2003-cü ildən bəri ölkədə qeydə alınan ilk jurnalist qətli olduğunu bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Prezident Laura Fernandes hadisə ilə bağlı açıqlamasında bütün polis qüvvələrinə jurnalistin qatillərinin məsuliyyətə cəlb edilməsi üçün istintaqa dəstək vermək tapşırığı verdiyini bildirib.
Yerli “Costa Rica Hoy” qəzetinin məlumatına görə, hücum yerli vaxtla saat 15:00-dan sonra, nəqliyyat vasitələrinin yoxlanıldığı məntəqənin yaxınlığında baş verib. Silahlı şəxslər Rodrigezin idarə etdiyi qırmızı pikapı saxlayaraq ona bir neçə dəfə atəş açıblar. Jurnalist aldığı güllə yaralarından hadisə yerində həyatını itirib.
Fernandes hadisəni “qorxaqcasına qətl” adlandıraraq pisləyib. O, jurnalistin hazırladığı materialların məzmunundan asılı olmayaraq, bu hadisənin ifadə azadlığına vurulan zərbə olduğunu vurğulayıb və mərhumun ailəsinə başsağlığı verib.
Məlumata görə, Rodrigez internet platformaları və sosial şəbəkələr vasitəsilə narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması və korrupsiya faktları barədə materiallar yayımlayıb. O, həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğunu iddia etdiyi şəxslərin adlarını açıq şəkildə çəkib. Yerli medianın məlumatına əsasən, jurnalist daha əvvəl təhdidlərə məruz qaldığını da bildirmişdi.
Qeyd edək ki, Kosta Rikada sonuncu jurnalist qətli 2003-cü ildə baş verib. Həmin vaxt motosikletdə olan iki nəfər jurnalist İvaniya Moraya atəş açıb. Mora xəstəxanaya aparılarkən yolda həyatını itirib. Onun qətli ilə bağlı cinayət işi isə indiyədək açılmamış qalır.