Bu ölkə 13 yaşadək uşaqlara sosial şəbəkələri qadağan edir


İtaliya hökuməti uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır. Təklifə əsasən, 13 yaşadək uşaqların sosial platformalarda hesab yaratması qadağan ediləcək.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qanun layihəsinə görə, 13-15 yaş arası yeniyetmələr sosial şəbəkələrdən yalnız hesabları valideynlərindən birinin hesabına bağlandığı halda istifadə edə biləcəklər. 16 yaşdan etibarən isə müstəqil hesab açmağa icazə veriləcək.
Məlumata görə, İtaliya parlamentinin qərarı dekabrın sonunadək təsdiqləməsi gözlənilir. Təklif Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağ mərkəzçi koalisiyanın dəstəyini qazanıb. Bununla belə, sənəd müzakirələr zamanı dəyişdirilə bilər.
Yeni məhdudiyyətlər təhsil məqsədli tətbiqlərə şamil edilməyəcək. Sosial şəbəkələrdən isə istifadəçilərin yaşını yoxlamaq tələb olunacaq. Müvafiq qaydaların qərar qüvvəyə mindikdən sonra doqquz ay ərzində hazırlanması nəzərdə tutulur.
Təklifin əsas məqsədi uşaqları rəqəmsal asılılıqdan və sosial şəbəkələrin mümkün mənfi təsirlərindən qorumaqdır.