"Bu mövsümdən çox şey gözləyirik"


Bu gün futzal üzrə yeni mövsümün püşkatma və tanıtım mərasimi keçirildi. Daha sonra futzal departamentinin sədri Fərid Babayevin brifinqi oldu.
- Bu mövsüm bizim üçün çox vacibdi. Çünki bir çox yeniliklər etmişik. Legioner limiti, U-19 liqası və komandaların sayı da artıb. İnanıram ki, rəqabətli mühit və rəqabətli oyunlar görəcəyik. Bu da sonda futzalçılarımızın inkişafına dəstək olacaq. Həmçinin legioner limitini tətbiq etməklə yerli oyunçularımıza oyun praktikası qazanmaq imkanı yaradılacaq, sonda isə milli komandamız inkişaf edəcək.
- Əvvəlki çempionatlarda komandaların heyətinə futzalçı çatdırmaq çətin idi. İndi 10 komandaya oyunçu gəlirsə, onların lisenziyası varmı? Bu oyunçular peşəkardı, yoxsa yarı həvəskar və ya həvəskardı? 10 komandanın heyətini çatdırmaq mümkün olacaqmı? - Lisenziyaları var, hər biri sistemə daxil olunur. Bilirsiz ki, AFFA-nın sistemində lisenziya olmasa, biz onları oyuna buraxa bilməyəcəyik. Demirəm ki, burda hamı peşəkardı — peşəkar olmayan da var, həvəskar da. Amma biz həvəskarları inkişaf etdirib, peşəkar səviyyəsinə çatdırmağı özümüzə hədəf qoymuşuq.
- Limit məsələsini bir də izah edərdiz. - Limit meydanda iki yerli oyunçunun və üç legionerin ola bilməsidi. Amma üç legionerdən biri mütləq qapıçı olmalıdı. Biri qapıçı deyilsə, məcburdu ki, o da yerli oyunçu olsun.
- Cahangir Fərəcullayev dedi ki, yığmada legioner oynamayacaq. Bu o deməkdi ki, “milliləşdirilmiş” futzalçıların heç biri - hətta beş il Azərbaycanda oynasalar belə - yığmanın heyətinə dəvət olunmayacaq? - Hazırda hədəfimiz ancaq və ancaq yerli futbolçulardı. Bunun üzərində inkişaf edəcəyik.
- Məndə olan məlumata görə, elitada iştirak edən klubların hamısına müraciət olunub ki, mümkünsə, futzal çempionatına komanda buraxsınlar. Yalnız "İmişli" buna reaksiya verdi.- Biz bütün klublara müraciət etdik və hər biri bizə cavab verdi. Bildiyiniz kimi, "Araz Naxçıvan", "Neftçi", "İmişli" hazırda oynayır. "Neftçi" ilə "Araz Naxçıvan" oynayırdı, "İmişli" isə yeni qoşuldu. Digər klublar bildirdilər ki, növbəti mövsümdən qoşulacaqlar. Biz sentyabrda müraciət etdiyimizdən onlar planlarını və hədəflərini buna uyğun qurmamışdılar. Amma inanırıq ki, gələcəkdə məcburiyyət olmayacaq, özləri qoşulacaqlar. Çünki bu mövsümdən çox şey gözləyirik.
- Yığma ilə bağlı soruşmaq istəyirəm: adətən, hər işdə yol xəritəsi olur. Qarşıya neçə il qoyulub, hansı müddət verilib ki, milli ən azı əvvəlki statusuna qayıtsın – 1, 3, yoxsa 5 il? - 10, 15 və ya 20 il kimi çox uzun müddət gözləmək halımız yoxdu. İnşallah, nəticələri tezliklə görəcəyik.
İSRAYIL XEYRULLAYEV
