Brüsseldən Kiyevə 45 milyard avroluq yeni maliyyə paketi


Avropa Komissiyası 2027-ci il üçün Ukraynaya əlavə 45 milyard avro həcmində maliyyə dəstəyi ayırmağı təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Ukraynanın 2026-cı il üzrə maliyyə ehtiyacları artıq tam təmin olunub və yeni təşəbbüs gələn ilki tələbatın üçdə ikisini qarşılamağa yönəlib:
"Avropa Rusiya hücumlarından müdafiə olunmaqda Ukraynaya kömək etməyə davam edəcək. Ukraynanın 2026-cı il üçün ehtiyacları təmin olunub. Bu gün biz 2027-ci il üzrə ehtiyacların üçdə ikisini ödəmək üçün daha 45 milyard avro ayırmağı təklif edirik. Çünki biz danışıqlar masası arxasında Ukraynaya güclü mövqe təmin etməliyik".
Qeyd edək ki, Brüsselin təqdim etdiyi "Ukraynaya Koordinasiyalı Dəstək Aləti" adlı yeni qanunvericilik paketinə əsasən, bu vəsaitin 25 milyard avrosu Kiyevin hərbi-müdafiə sektoruna, 20 milyard avrosu isə dövlət büdcəsinin və makromaliyyə sabitliyinin dəstəklənməsinə yönəldiləcək.
Avropa İttifaqı büdcəsinin zəmanəti ilə kapital bazarlarından cəlb olunacaq bu kreditin əsas məbləğini Ukrayna yalnız Rusiya tərəfindən müharibə təzminatı (reparasiya) ödənildikdən sonra geri qaytarmalı olacaq.
Təklifin noyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin fövqəladə sammitində təsdiqlənməsi gözlənilir.
Musavat.com
