Britaniyalı nazir Türkiyə ilə müdafiə sənayesi tərəfdaşlığının gücləndirilməsini vurğulayıb


Luk Pollard “Eurofighter” sazişinin Türkiyə-Böyük Britaniya müdafiə münasibətlərində mühüm dönüş nöqtəsi olduğunu, əməkdaşlığın yalnız bir proqramla məhdudlaşmadığını bildirib.
Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Böyük Britaniyanın müdafiə təchizatı üzrə dövlət naziri Luk Pollard Türkiyə ilə müdafiə sənayesi tərəfdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Pollard Türkiyəyə səfəri zamanı “Anadolu” agentliyinə yazılı açıqlama verib.
O, Böyük Britaniya ilə Türkiyə arasında güclü və getdikcə inkişaf edən müdafiə münasibətlərinin olduğunu bildirib. Nazir bu münasibətlərin iyul ayında iki ölkənin liderləri tərəfindən imzalanmış Böyük Britaniya-Türkiyə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı ilə konkret çərçivəyə salındığını qeyd edib.
Pollard səfərinin məqsədi barədə danışarkən bu tərəfdaşlığı Türkiyə-Böyük Britaniya Müdafiə Sənayesi Şurası vasitəsilə növbəti mərhələyə daşımaq istədiklərini bildirib.
Onun sözlərinə görə, şura yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və bu sahədəki maneələri müzakirə etmək məqsədilə yaradılıb.
“Eurofighter Typhoon” sazişinin hökumətlər, silahlı qüvvələr və müdafiə sənayeləri birlikdə işlədikdə nələrə nail ola biləcəyinin aydın göstəricisi olduğunu bildirən Pollard əldə olunan uğurun daha da inkişaf etdirilməsini, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini və müdafiə sənayeləri arasında uzunmüddətli münasibətlərin gücləndirilməsini istədiklərini vurğulayıb.
O, səfərin qarşıdakı aylarda və illərdə daha çox konkret əməkdaşlıq layihəsinin həyata keçirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
“Eurofighter” sazişindən sonra Türkiyə ilə yeni müdafiə sənayesi layihələrinin həyata keçirilməsinin mümkün olub-olmadığı barədə suala Pollard belə cavab verib:
“Əlbəttə. “Eurofighter” müdafiə münasibətlərimiz baxımından mühüm dönüş nöqtəsidir, lakin hədəflərimiz yalnız bir proqramla məhdudlaşmır. Türkiyəni uzunmüddətli və mühüm müdafiə və sənaye tərəfdaşı kimi görürük”.
Pollard həm Böyük Britaniyanın, həm də Türkiyənin yüksək ixtisaslı və innovativ müdafiə sənayesinə malik olduğunu vurğulayaraq, birlikdə daha çox iş görmək potensialının mövcudluğunu qeyd edib.
O, qabaqcıl imkanlar və texnologiyalar sahəsindəki fürsətləri qiymətləndirmək, şirkətlər və təchizat zəncirləri arasındakı əlaqələri gücləndirmək, birgə hazırlama yolu ilə istehsalın hər iki ölkəyə fayda verə biləcəyi sahələri müəyyənləşdirmək istədiklərini bildirib.
“Hədəfimiz silahlı qüvvələrimizi gücləndirən, iqtisadi artımı və məşğulluğu dəstəkləyən, NATO-nun təhlükəsizliyini möhkəmləndirən müasir və uzunmüddətli müdafiə tərəfdaşlığı yaratmaqdır. Buna görə də bu il Ankarada keçirilən NATO sammitində Böyük Britaniya-Türkiyə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığını imzaladıq. Bu tərəfdaşlıq müdafiə, təhlükəsizlik və sənaye sahələrində əməkdaşlığı dərinləşdirmək üçün güclü çərçivə yaradır və Böyük Britaniya ilə Türkiyənin münasibətlərimizə verdiyi əhəmiyyəti nümayiş etdirir”, - deyə Pollard bildirib.
Türkiyənin gələcək Avropa təhlükəsizlik arxitekturasındakı mövqeyi barədə danışan Pollard ölkənin NATO üçün əvəzolunmaz müttəfiq olduğunu və Avropanın gələcək təhlükəsizlik arxitekturasında mühüm rol oynayacağını qeyd edib.
“Belə strateji mövqeyə malik ölkələrin sayı çox azdır. Türkiyə Avropa, Qara dəniz, Yaxın Şərq, Aralıq dənizi və Qafqazın kəsişməsində yerləşir. Eyni zamanda, NATO-nun ən böyük silahlı qüvvələrindən birinə və getdikcə daha mürəkkəb hala gələn müdafiə sənayesi infrastrukturuna malikdir”, - deyə o bildirib.
Pollard Avropalı müttəfiqlərin birgə müdafiə sahəsində daha çox məsuliyyət götürdüyünü, Türkiyənin hərbi gücünün, sənaye potensialının və strateji çıxış imkanlarının əhəmiyyətinin daha da artacağını bildirib.
“Böyük Britaniya olaraq Türkiyə ilə sıx əməkdaşlıq etməklə NATO-nu gücləndirməyi, birgə çəkindirmə imkanlarımızı artırmağı və Avropa-Atlantik təhlükəsizliyinə Avropanın daha güclü töhfə verməsini hədəfləyirik”, - deyə Pollard vurğulayıb.
O, Türkiyənin təsirli və getdikcə daha mürəkkəb müdafiə sənayesi infrastrukturu yaratdığını da qeyd edib.
Pollard həmçinin Böyük Britaniya və Türkiyə şirkətlərinin hər iki ölkənin maraqlarına uyğun olduğu hallarda birgə hazırlama və istehsal da daxil olmaqla daha sıx əməkdaşlıq etməsi üçün mühüm imkanların olduğunu bildirib.
““Eurofighter” sazişi daha geniş sənaye münasibətlərinin əsasını təşkil edir. Şirkətlərimizin Böyük Britaniya və Türkiyə müdafiə sektorlarının güclü tərəflərini birləşdirən, innovasiyanı, imkanların inkişafını və hər iki ölkədə iqtisadi artımı dəstəkləyən tərəfdaşlıqlar qurmasını təşviq etmək istəyirik. KAAN və Qlobal Döyüş Hava Proqramı (GCAP) hər birinin öz tələbləri və inkişaf prosesləri olan mühüm proqramlardır. GCAP ilə bağlı istənilən qərar Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən üçtərəfli qaydada qəbul ediləcək”, - deyə Pollard bildirib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
