Bombardir vacib oyun öncəsi "Sportinfo"dan azarkeşlərə səsləndi: "Bizi tək buraxmayın"


Sumqayıt futbol şəhəridir, ənənəsi var.
Amma oyunlara gələn azarkeşlərin sayı günü-gündən azalır.
Əvvəlki illərdə "SOCAR Polymer Arena"da hər oyun tribunalar tam dolu olardı.
Bəzən qapı arxasında ayaqüstü dayanan çox sayda fanatlar görürdük.
Bu mövsüm mənzərə tam dəyişib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir getdiyi üçün kollektivin ev oyunlarını keçirdiyi 1300 nəfərlik kiçik tutumlu idman qurğusu azarkeşlərlə dolmur.
Çox sayda boş yerlər diqqət çəkir.
Bu həftə "kimyaçılar" əsas arenasına qayıdacaq. Rəqib isə son çempion, hazırda Çempionlar Liqasında çıxış edən "Sabah"dır.
Sportinfo.az-a açıqlamasında "kimyaçılar"ın hazırkı bombardiri Ronaldo Vaskes "Bu oyundan öncə "Sumqayıtlı azarkeşlərlə üz-üzə gəlsən, tribunalara gəlmələri üçün onlara hansı çağırışı edərdin" sualına bu cür reaksiya verib:
"Azarkeşlərə demək istərdim ki, bizi dəstəkləməyə və bizə inanmağa davam etsinlər. Bilirik ki, bəzən nəticələr istədiyimiz kimi olmur, amma biz həmişə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
Stadionda azarkeşlərimizin dəstəyini hiss etmək bizim üçün çox vacibdir və ümid edirik ki, onlara bol sevinc bəxş edə biləcəyik. Hər birini stadiona gəlməyə çağırıram. Biz birlikdə güclüyük".
XANOĞLAN
1 mənbə
