BMU-da MaCoSEP 2027 beynəlxalq elmi konfransı keçiriləcək


2027-ci il aprelin 22–24-də Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik problemlərinin həllində menecment və idarəetmə” (MaCoSEP 2027) mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbirə Azərbaycan, Türkiyə, Ukrayna, Macarıstan, Qazaxıstan, Özbəkistan və Yunanıstanın nüfuzlu elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfdaşlıq edir. Tərəfdaşlar sırasında Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Riyaziyyat İnstitutu, Türkiyənin Ege və Balıkesir universitetləri, Ukraynanın V.M. Qluşkov adına Kibernetika İnstitutu və Kiyev Politexnik İnstitutu, Macarıstanın Debrecen Universiteti, eləcə də digər elmi qurumlar yer alır.
Konfransın məqsədi süni intellekt, maşın öyrənməsi, data analitikası və kibertəhlükəsizlik texnologiyalarının elmi müzakirəsini təşkil etmək, müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirməkdir.
Konfrans çərçivəsində intellektual idarəetmə sistemləri, qərar qəbuletmə texnologiyaları, risklərin idarə edilməsi və kritik infrastruktuların mühafizəsi kimi aktual elmi istiqamətlər müzakirə olunacaq.
Konfransa təqdim edilən məqalələr arasından seçilmiş elmi işlərin Springer nəşriyyatının Communications in Computer and Information Science (CCIS) seriyasında dərc olunması nəzərdə tutulur. Bu seriya Scopus və Clarivate bazalarında indekslənir. Məqalələrin nəşrə qəbulu müvafiq elmi qiymətləndirmə və nəşr tələblərinə uyğun həyata keçiriləcək.
Konfrans üzrə mühüm tarixlər, iştirak şərtləri və qeydiyyat barədə ətraflı məlumat: //macosep.beu.edu.az/2027
Dərc vaxtına görə