Peşə bacarıqları universitet diplomunu xeyli qabaqlayacaq


“Peşə təhsilində qadınların iştirak payı 40 faizə yüksəlib”.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026" tədbirində çıxışı zamanı deyib.
Bir zamanlar peşə təhsilinə maraq olduqca az olduğu halda, indi bu göstərici 70% artıb.Peşə təhsilinə marağı artıran nə oldu?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizovun sözlərinə görə artıq insanlar uğurlu karyera qurmaq üçün mütləq universitet diplomununa sahiblənmənin şərt olmadığının daha çox fərqindədirlər:
"Peşə təhsilində qadınların iştirak payının 40 %-ə yüksəlməsi, ilk növbədə, cəmiyyətdə bu seqmentə münasibətin dəyişdiyini göstərir. Bu artımı təkcə peşə təhsilinə marağın yüksəlməsi ilə deyil, həm də əmək bazarının dəyişməsi, qadınların iqtisadi müstəqilliyə və əmək fəaliyyətində daha fəal iştiraka can atması ilə əlaqələndirmək lazımdır.
Bir zamanlar Azərbaycanda peşə təhsili daha çox ali məktəbə qəbul ola bilməyən şəxslərin seçimi kimi qəbul edilirdi. Bu yanaşma peşə təhsilinin nüfuzuna mənfi təsir göstərirdi. Lakin son illərdə bu stereotip tədricən aradan qalxır. Artıq insanlar başa düşürlər ki, uğurlu karyera qurmaq üçün mütləq universitet diplomuna sahib olmaq şərt deyil. Əsas məsələ əmək bazarında tələb olunan bacarıqlara yiyələnmək və konkret peşə üzrə ixtisaslaşmaqdır.
Qadınların peşə təhsilinə marağının artmasının da bir neçə mühüm səbəbi var. Əvvəla, əvvəllər daha çox kişilərlə əlaqələndirilən bir sıra peşə sahələr artıq qadınlar üçün də əlçatanlaşıb. Texnologiya, informasiya texnologiyaları, dizayn, xidmət, turizm, mühasibatlıq və digər istiqamətlər qadınların peşə təhsilinə marağını artırır. Digər tərəfdən, qadınlar arasında özünüməşğulluq, sahibkarlıq və qısa müddətdə əmək bazarına daxil olmaq istəyinin güclənməsi də bu prosesə təsir edir".
Əmək bazarında qadınlar üçün yeni imkanlar yaratmaq, peşə seçimində gender stereotiplərini aradan qaldırmaq olduqca vacibdir:
"Digər mühüm məqam isə dövlətin peşə təhsilinə ayırdığı diqqətin artmasıdır. Yeni peşə təhsili müəssisələrinin yaradılması, mövcud mərkəzlərin müasirləşdirilməsi, dövlət sifarişli yerlərin artırılması və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi bu sahəni daha cəlbedici edir. Xüsusilə dual təhsil modelinin inkişafı, yəni tələbənin həm təhsil alması, həm də real iş mühitində təcrübə qazanması peşə təhsilinin üstünlüklərini artırır.
Rəqəmlərə nəzər salsaq, 2022-ci ildə peşə təhsili almaq üçün 29 min nəfər müraciət etdiyi halda, 2026-cı ildə bu rəqəm 52 minə çatıb. Qəbul olunanların sayı isə 19 mindən 28 minə yüksəlib. Qadınların qəbul olunanlar arasındakı payı da 2022-ci ildəki 32 faizdən 40 faizə qədər artıb. Yəni burada iki paralel proses gedir,həm peşə təhsilinə ümumi maraq artır, həm də qadınların bu sahədə təmsilçiliyi genişlənir. Növbəti mərhələdə əsas diqqət qadınların yalnız ənənəvi olaraq daha çox seçdikləri ixtisaslara deyil, texniki, mühəndislik, informasiya texnologiyaları, energetika və sənaye sahələrinə də cəlb olunmasına yönəldilməlidir. Çünki əmək bazarında qadınlar üçün yeni imkanlar yaratmaq, peşə seçimində gender stereotiplərini aradan qaldırmaq olduqca vacibdir.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki,40 faizlik göstərici müsbət tendensiyadır, lakin bunu son hədəf hesab etmək olmaz. Əsas məsələ qadınların peşə təhsili alması ilə yanaşı, həmin təhsildən sonra işlə təmin olunması, layiqli əməkhaqqı əldə etməsi və karyera yüksəlişi imkanlarına sahib olmasıdır. Peşə təhsilinin uğurunu yalnız qəbul statistikası ilə deyil, məzunların əmək bazarında nə dərəcədə uğur qazanması ilə ölçməliyik".