BMU-da keçirilən konfransın materialları nüfuzlu nəşriyyatda çap olunub


Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) keçirilmiş “Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” (MaCoSEP 2025) adlı I Beynəlxalq Konfransın materialları dünyanın nüfuzlu akademik nəşriyyatlarından biri olan “Springer Nature” tərəfindən nəşr olunub.
Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib.
“Management and Control in Solving Engineering Problems” adlı elmi toplu 2025-ci il matın 13-15-də BMU-da keçirilmiş konfransın elmi nəticələrini əhatə edir. Nəşrin elmi redaktorları BMU-nun rektoru Yaqub Piriyev və akademik Əli Abbasovdur. Nəşrə müxtəlif ölkələrdən alim və tədqiqatçılar tərəfindən təqdim olunmuş 315 elmi məqalə arasından ekspert qiymətləndirməsi əsasında seçilmiş 25 məqalə daxil edilib. Məqalələr dayanıqlı inkişaf və strateji qərarların qəbulunda tətbiq olunan iqtisadi-riyazi modellər, süni intellekt, intellektual texnologiyalar və qeyri-səlis idarəetmə sistemləri, eləcə də mühəndislik problemlərinin həllində riyazi metodlar olmaqla müxtəlif istiqamətləri əhatə edir.
Qeyd edək ki, MaCoSEP 2025 beynəlxalq konfransı BMU, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Macarıstanın Debrecen Universitetinin təşkilatçılığı ilə keçirilib. Tədbir müxtəlif ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrini, nüfuzlu alimləri və mütəxəssisləri bir araya gətirərək mühəndislik elmlərinin aktual problemlərinin müzakirəsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Konfrans materiallarının “Springer Nature” kimi nüfuzlu beynəlxalq akademik nəşriyyatda toplu şəklində işıq üzü görməsi BMU-da aparılan elmi tədqiqatların beynəlxalq miqyasda tanıdılması, universitetin elmi əlaqələrinin genişləndirilməsi və ölkəmizin elmi potensialının təşviqi baxımından əhəmiyyətlidir.