BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü baş katib postuna əsas namizədin əleyhinə səs verib


Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspan BMT-nin baş katibi vəzifəsinə namizədlər arasında lider olsa da, Təhlükəsizlik Şurasının veto hüququna malik iki daimi üzvü onun namizədliyinə qarşı çıxıb.
Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyri-rəsmi səsvermə zamanı Qrinspan 10 lehinə və 4 əleyhinə səs alıb. Əleyhinə verilən səslərdən ikisi veto hüququna malik Təhlükəsizlik Şurasının daimi üzvlərinə məxsus olub.
Bu beş ölkəyə Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa daxildir. Səsvermə gizli keçirildiyindən Qrinspanın namizədliyinə konkret hansı ölkələrin qarşı çıxdığı məlum deyil.
Diplomatların sözlərinə görə, səsvermənin nəticələri BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti başa çatana qədər təşkilatın yeni rəhbərinin seçilməməsi ilə bağlı narahatlıqları artırıb. Quterreş iki müddət vəzifədə qaldıqdan sonra dekabrın sonunda postunu tərk edəcək.
Qrinspan BMT-nin baş katibi vəzifəsi uğrunda mübarizənin əsas namizədi hesab olunurdu. O, keçirilmiş səkkiz qeyri-rəsmi səsvermə mərhələsinin yeddisində digər yeddi namizədi qabaqlamışdı.
BMT-də Qayananın səfiri Kerolin Rodriqes-Birkett iki əleyhinə səs alıb. Argentinanın namizədi Rafael Qrossi isə üç əleyhinə səslə üzləşib.
Gələcək baş katib davam edən müharibələr, ABŞ-nin BMT-yə ayırdığı maliyyənin azaldılması və təşkilatın siyasi təsirinin zəifləməsi ilə bağlı bir sıra ciddi problemləri həll etməli olacaq.
Vaşinqton BMT-nin onlarla qurumundan çıxıb. Bu addım 193 dövləti birləşdirən təşkilatın rolu və əhəmiyyəti ilə bağlı şübhələri daha da artırıb.
Sevinc Əliyeva Ordu.az
