Birinci dövrənin qollu mənzərəsi: Legionerlər aşkar üstündür


Misli Premyer Liqasının birinci dövrəsində keçirilən 64 oyunda qapılara ümumilikdə 164 qol vurulub. Bunun yalnız 4-ü avtoqol kimi qeydə alınıb.
Futbolinfo.az saytının məlumatına görə, orta hesabla hər tura 14,9, hər oyuna isə 2,5 qol düşür. Bu toplardan 90-ı meydan sahiblərinin, 74-ü isə qonaqların hesabındadır.
Ən məhsuldar tur 4-cü tur olub. Həmin turda keçirilən 6 matçda qapılara 26 qol vurulub. 3-cü isə əksinə, kasadlığı ilə diqqət çəkib. Bu turda komandalar ümumilikdə 5 dəfə fərqlənməyi bacarıblar.
İlk dövrənin ən məhsuldar oyunu Azərbaycan derbisi olub. 8-ci turun “Qarabağ” – “Neftçi” qarşılaşması 3:3 hesabı ilə nəticələnib. 11 görüşdə isə qapılara 5 qol vurulub. Bunun dördündə 3:2, ikisində 2:3, ikisində 4:1, birində 1:4, ikisində isə 5:0 hesabı qeydə alınıb. Birinci dövrənin 7 oyununda isə qol səsi çıxmayıb.
Məhsuldarlıq baxımından matçların ikinci hissəsi daha yüksəkdir. Belə ki, birinci hissələrdə 73, ikinci yarılarda isə 91 dəfə hakimlər mərkəzi göstəriblər. 25 və 35-ci dəqiqələr daha məhsuldar alınıb. Belə ki, həmin dəqiqələrdə 5 qol vurulub.
Birinci dövrədə ümumilikdə 16 penalti zərbəsi yerinə yetirilib. Lehinə ən çox onbirmetrlik zərbə göstərilən komandalar “Şamaxı” və “İmişli”dir. “Şamaxı” hər üç penaltini qola çeviribsə, “İmişli” bunun birində fərqlənə bilməyib. “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ” hələ də penalti yerinə yetirməyiblər.
Debütant “Şəfa” öz cərimə meydanında ən çox kobud oynayan komandadır. Bu komandanın əleyhinə 5 dəfə penalti zərbəsi təyin olunub ki, onun yalnız 1-də qol olmayıb.
“Şamaxı”, “Turan Tovuz”, “İmişli” və “Sabah” hərəyə 1 dəfə avtoqola üzülüblər. Maraqlıdır ki, “Sabah”la “Şamaxı” 1 dəfə də avtoqol sevinci yaşayıblar.
Mövsümün ən erkən qolunun müəllifi hələlik “Şəfa”nın üzvü Elnur Cəfərovdur. O, 8-ci turda “Şamaxı” ilə qarşılaşmanın 5-ci dəqiqəsində adını tabloya yazdırıb. “Sumqayıt”dan Mamadi Banqre və “Şəfa”nın digər oyunçusu Bafode Dansoko isə 6-cı dəqiqədə fərqləniblər. Mövsümün ən gec qolu 90+6-cı dəqiqəyə təsadüf edib. Həmin dəqiqədə 2 top vurulub. “Turan Tovuz”un legioneri Filip Damyanoviç 6-cı turda “Zirə” ilə matçın 95 dəqiqə 9-cu saniyəsində komandasına qələbə qazandıran topa imza atıb. “Zirə”nin gürcüstanlı hücumçusu Davit Volkov cəmi 6 saniyə ilə Damyanoviçdən geri qalır. Volkov “İmişli” ilə 2-ci tur görüşündə son nöqtəni qoyub.
Klublarımız legionerlərə üstünlük verdiklərindən, qol sayında əcnəbilərin üstünlük təşkil etməsi normaldır. Belə ki, birinci dövrədə gəlmələr 127 qolun müəllifi olublar. Yerli statusunda çıxış edən futbolçular isə 33 dəfə fərqləniblər.
ABBAS
