Bir paket çips məktəblilərin həyatını kabusa çevirdi: Süni intellektin səhvi məhkəməyə daşındı


ABŞ-da süni intellektlə işləyən təhlükəsizlik sisteminin səhvi məktəblilər üçün qorxulu anlara səbəb olub. Baltimore şəhərində dörd şagird məktəbin qarşısında valideynlərini gözləyərkən silahlı polislər tərəfindən mühasirəyə alınıb, diz çökdürülüb və qandallanaraq axtarışa məruz qalıb. Hadisənin səbəbi isə inanılmazdır: Süni intellekt kameralarda görünən bir paket kartof çipsini potensial silah kimi qiymətləndirib.
Hadisə 2025-ci il oktyabrın 20-də ABŞ-ın Merilend ştatının Baltimor dairəsində yerləşən Kenwood Liseyinin qarşısında baş verib. Şagirdlərin ailələri indi bu hadisəyə görə məktəb rəhbərliyini, təhlükəsizlik sisteminin istehsalçısını və polisi məhkəməyə veriblər.
Altı silahlı polis məktəbliləri mühasirəyə aldı
Məhkəməyə təqdim olunan iddia ərizəsinə görə, oktyabrın 20-də saat 18:30 radələrində dörd şagird Amerika futbolu məşqindən sonra valideynlərindən birinin onları evə aparmasını gözləmək üçün məktəbin qarşısında dayanıb.
Bu zaman şagirdlərdən biri məşqçinin ona verdiyi kartof çipsini yeyirmiş.
İddia ərizəsində bildirilir ki, qəfil hadisə yerinə ən azı altı polis əməkdaşı gəlib. Onların əksəriyyətinin əlində odlu silah olub.
Şagirdlərə əvvəlcədən xəbərdarlıq edilmədən ətrafları mühasirəyə alınıb. Daha sonra yeniyetmələr beton döşəmədə diz çökməyə məcbur edilib, qandallanıb və üzərlərində axtarış aparılıb.
Onlara polisin müdaxiləsinə səbəb olan məlumatın məktəbdə istifadə edilən süni intellekt əsaslı təhlükəsizlik sistemindən gəldiyi yalnız axtarışdan sonra bildirilib.
Süni intellekt çips paketini necə silahla səhv saldı?
Hadisənin mərkəzində Omnilert adlı süni intellekt əsaslı təhlükəsizlik sistemi dayanır.
Bu texnologiya müşahidə kameralarından gələn görüntüləri təhlil edərək mümkün odlu silahları aşkar etmək üçün hazırlanıb. Sistem potensial təhlükə müəyyən etdikdə məktəb və təhlükəsizlik əməkdaşlarına xəbərdarlıq göndərə bilir.
Lakin məhkəmə sənədlərindəki iddialara görə, həmin gün sistemin verdiyi siqnal sonradan yanlış hesab edilib.
İddia ərizəsində qeyd olunur ki, silah olmadığı müəyyənləşdirildikdən bir neçə dəqiqə sonra xəbərdarlıq məktəb və polis rəsmiləri tərəfindən ləğv edilib. Buna baxmayaraq, məktəb direktoru bu məlumatı polisə çatdırmayıb.
Əksinə, direktorun sistemdəki videodan ekran görüntüsü götürərək məktəbin polis əməkdaşına göndərdiyi, həmin şəxsin isə görüntünü polis idarəsinə ötürdüyü bildirilir. Nəticədə polislər məktəblilərin yanına göndərilib.
Maraqlıdır ki, Merilend Təhsil üzrə Baş Müfəttişlik Ofisinin 2025-ci ilin noyabrında açıqladığı araşdırma hesabatında sistemin mavi rəngli çips paketini təkbaşına silah kimi müəyyən etmədiyi bildirilib.
Hesabata əsasən, sistem şagirdlərdən birinin əl hərəkətini, əlin mövqeyini və bucağını potensial təhlükə kimi qiymətləndirib.
Beləliklə, hadisənin əsas səbəbinin məhz çips paketi deyil, onunla birlikdə qeydə alınan əl hərəkəti olduğu bildirilib.
Direktorun mesajı da məhkəmə iddiasına düşdü
Hadisə ilə bağlı ən çox müzakirə doğuran məqamlardan biri məktəb direktorunun sonrakı reaksiyası ilə bağlı iddiadır.
Məhkəmə sənədlərində qeyd olunur ki, direktor rəhbərliyə göndərdiyi mesajda dörd gülməkdən gözləri yaşaran emoji ilə birlikdə “Bir paket çips imiş” yazıb.
Şagirdlərin vəkilləri isə baş verənləri yeniyetmələr üçün dəhşətli təcrübə kimi xarakterizə ediblər.
Onların sözlərinə görə, uşaqlar həmin an həm öz həyatlarından, həm də dostlarının təhlükəsizliyindən narahat olublar.
İddia ərizəsində hadisə zamanı polis əməkdaşlarından birinin qaçmadıqlarına görə şagirdlərə təşəkkür etdiyi də bildirilir.
Vəkillər xüsusilə afroamerikalı şəxslərin polis müdaxiləsi zamanı üzləşə biləcəkləri təhlükələrə diqqət çəkərək, bu hadisənin yeniyetmələr üçün ciddi psixoloji sarsıntı yaratdığını vurğulayıblar.
Ailə məhkəməyə üz tutdu
Şagirdlərin vəkilləri hadisə ilə bağlı Baltimore dairəsi məhkəməsində mülki iddia qaldırıblar.
İddiada Omnilert şirkəti, məktəb, direktor və Baltimore dairəsinin polis idarəsi cavabdeh tərəflər kimi göstərilib.
İddiaçılar qanunsuz axtarış, əsassız saxlanılma və səhlənkarlıqda ittihamlar irəli sürüblər.
Şagirdlərin vəkili Leah Frazier bildirib ki, hadisənin ümumiyyətlə polis müdaxiləsinə çevrilməsinə ehtiyac yox idi.
Onun sözlərinə görə, məhkəməyə müraciətin əsas məqsədi belə halların bir daha təkrarlanmamasına nail olmaqdır.
Şagirdlərdən birinin anası Freida Winfield də hadisəyə münasibət bildirib:
“Polis oğluma bunun real problemə çevrilə biləcəyini söyləyib. Baltimor dairəsində heç bir uşaq anasının onu evə aparmasını gözləyərkən öz məktəbinin qarşısında belə təhlükə ilə üzləşməməlidir”.
Hazırda şagirdlərdən biri hələ də Kenwood Liseyində təhsil alır, digərləri isə universitet tələbəsidir.
Süni intellektin qərarına kim cavabdehdir?
Hadisə süni intellekt əsaslı təhlükəsizlik texnologiyalarının səhv qərarlarının hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı müzakirələri də gündəmə gətirib.
Xüsusilə məktəblərdə istifadə olunan avtomatlaşdırılmış müşahidə sistemlərinin verdiyi xəbərdarlıqların insan tərəfindən yoxlanılmadan real polis müdaxiləsinə səbəb olması ciddi suallar doğurur.
Omnilert şirkəti və Baltimore dairəsinin polis idarəsi davam edən məhkəmə prosesi ilə əlaqədar hadisəyə münasibət bildirməyəcəklərini açıqlayıblar. Məktəb rəhbərliyi və direktor isə şərh tələblərinə dərhal cavab verməyiblər.
Qeyd edək ki, Merilend Təhsil üzrə Baş Müfəttişlik Ofisinin araşdırmasında hadisə ilə bağlı irqi qərəzə dair sübut aşkarlanmadığı bildirilib.
Hazırda məhkəmə prosesi çərçivəsində tərəflərin iddialarına hüquqi qiymət verilməsi gözlənilir.
\\ Aydan Bünyatova, Editor.az